İsrail Hatəmov həyat yoldaşının da komada olduğunu deyir
Mayın 3-də
Ağsu-Kürdəmir-İmişli avtomobil yolunda baş verən qəzada qızı Arzu Hatəmovanı itirən İsrail Hatəmov 20 gündür Rusiyadan Azərbaycana buxarılmır. Onun həyat yoldaşı Reyhan Hatəmovanın Bakıda 1 saylı xəstəxanada komada olduğu bildirilir.
Bu barədə hazırda Samur Keçid Məntəqəsində gözləyən İsrail Hatəmov Meydan TV-yə danışıb.
İsrail Hatəmovun sözlərinə görə, Samur Keçid Məntəqəsində min nəfərə yaxın adam var:
“Onlar 1 aya yaxındır sərhəddədir, Azərbaycana keçmək istəyirlər, insanlar betonun üstündə yatırlar. 4 yaşlı uşaq bugünlərdə soyuqdəymədən öldü”.
İsrail Hatəmov Rusiyada yaşayan azərbaycanlıların onlara ərzaq yardımı etdiyini bildirib:
“Dərbənddən olan deputat Rövşən Umarov bizə maska və ərzaq gətirib”.
XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə deyib ki, sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil və hər bir vətəndaşın bunu anlaması vacibdir:
“Bir daha qeyd etmək istərdik ki, hökumətimiz tərəfindən xarici ölkələrdəki vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində işlər Azərbaycandakı vəziyyətin inkişafına, karantin yerlərinin və müvafiq logistik təminatın hazırlığına uyğun olaraq, planlı şəkildə həyata keçiriləcəkdir".
L.Abdullayeva xatırladıb ki, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri şimal ölkədə qalan azərbaycanlılara çağırış edib, onları anlayış göstərməyə səsləyib:
“Çünki hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara “Evə gedirəm” portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər, onların sərhəd-buraxılış məntəqəsinə getməsinə heç bir lüzum yoxdur. Əslində sərhəd məntəqəsinə getməklə vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atırlar”.