“Qızıma təcavüz edən adamın atası ailəmdən əl çəkmir”

Lerik sakini ailəsinin təhdid altında olduğunu deyir

Source: Meydan Tv


Lerik sakini ailəsinin təhdid altında olduğunu deyir

“Azyaşlı övladıma təcavüz edən şəxsin atası indi də digər övladlarımdan qisas almaq istəyir”.

Lerik rayon sakini Rasim Təhməzov Meydan TV-yə belə deyir. Ailəsinin təhlükə altında olduğunu söyləyən atanın sözlərinə görə, üç il əvvəl azyaşlı qızı təcavüzə məruz qalıb və hadisəni törədən 25 yaşlı qonşusu 5 il azadlıqdan məhrum edilib. Ata deyir ki, buna baxmayaraq, ailəsinin qara günləri sona yetməyib:

“Övladıma qarşı olan nalayiq hərəkətdən sonra da çox böyük təzyiqlərə məruz qaldıq. Baş Prokurorluğa, digər orqanlara müraciətlər etdim. 1 il 9 ay məhkəmə qapılarında qaldım, nəhayət, qonşum Elnur Elman oğlu Məmmədov 5 il azadıqdan məhrum edildi. Bu ilin noyabrında onun həbsinin 3 ili tamam olacaq. Ancaq onun həbsindən sonra da bizdən əl çəkmədilər, ailəsi bizimlə ədavətə başladı. Artıq bizə yaşamağa imkan vermirlər. Oğlanın atası Elman Məmmədov qardaşına arxayın olub ailəmə etmədiyini buraxmır. Qardaşı Aydın Məmmədov Energetika Nazirliyinin əməkdaşıdır. Aydının oğlu da Daxili İşlər Nazirliyinin Dəmiryolu Polisində işləyir. Bu adamlar səsimin eşidilməsinə imkan vermirlər.

Bütün bu işləri qarışdıran, mənim həyatıma problem yaradan Aydın Məmmədovdur, nə yolla olursa-olsun ailəmdən qisas alınacağını söyləyir”.

R.Təhməzov deyir ki, tez-tez Elman Məmmədov onun ailəsinə hücum edir, söyüş söyür, hədələyir:

“DİN-in 102 xidmətinə məlumat vermişəm, polisə gedib izahat yazmışam. Hər dəfə bizi çağırıb izahat alırlar, iş qalır. Bu adam narkoman, içən adamdır, hər dəfə sərxoş vəziyyətdə olanda çıxıb küçəyə ailəmi təhqir edir. Sonuncu belə hadisə avqustun 1-də baş verib. Mənim evdə olmamağımdan istifadə edən Elman Məmmədov yenə ailəmə hücum edib, nalayiq söyüşlər söyüb. Mənim yoldaşım da onun söyüşlərinə cavab verib. Həyat yoldaşımın bir böyrəyi yoxdur. Son zamanlar bərk stress keçirəndə, əsəbləşəndə huşunu itirir. Deyir, bir də ayıldım ki, eyvanda uzanmışam, uşaqlar üzümə su vurur. Sonra anasıgil gəlib onu havaya çıxarıb. O zaman da qarşı tərəf susmayıb, təhqiri dayandırmayıb.

Bundan sonra nə baş verib, xəbərimiz yoxdur, bir də eşitdik ki, Elman Məmmədov xəstəxanada yatır, guya bu davada kəllə-beyin travması alıb. Ona əl belə vurulmayıb. Həmişə də deyir ki, oğlumun qisasını başqa uşaqlarından alacam. Oğlumun etdiyini mən də o biri uşaqlarına edəcəm. Onun dediklərinin səs yazısı var, söyüşü, təhdidi, hamısı yazılıb. İndi həyat yoldaşımı polisə verib. Mən də təhdidlərinə, söyüşünə görə polisə müraciət etmişəm. Mənə deyirlər ki, söyüşə, təhqirə görə heç kimi tutmurlar, heç nə etmirlər. Bəs o zaman mən nə edim? Necə ailəmi bu bəladan qoruyum, bilmirəm. Bu insan evimə hücum edir, şərəf və ləyaqətimi alçaldır. Azyaşlı uşaqlarım travmayla böyüyür. Necə olur, yalandan deyir ki, başımı əziblər, bizi polisə çağırırlar, amma bu adam mənə qarşı terror edir, söz də demirlər? Aydın Məmmədova arxayın olub bu əməlləri edir. Aydın qoymur qardaşı cəzalandırılsın”.

Aydın Məmmədov isə Meydan TV-nin suallarını cavablandırmaq istəməyib:

“Siz məni narahat etməyin, hüquq-mühafizə orqanları var”.

Elman Məmmədovla da əlaqə saxlamaq mümkün olmayıb. Yalnız o məlum olub ki, şəxs artıq xəstəxanadan çıxıb.

DIN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin Meydan TV-yə verdiyi məlumata görə, faktla bağlı Lerik Rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır: “Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Ana səhifəBölgə“Qızıma təcavüz edən adamın atası ailəmdən əl çəkmir”