Qızılın qiyməti bahalaşıb, tələbat azalıb

Samir Əliyev: “İndi kimsə qızıl hayında deyil”

Source:


Samir Əliyev: “İndi kimsə qızıl hayında deyil”

Dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların 50 faizə yaxın qalxması bir çox sahələr kimi qızıl bazarına da təsirsiz ötüşməyib. Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb.

ANS PRESS-in məlumatına görə, Bakının ən böyük ticarət mərkəzlərindən birində qızılın qiyməti 50 faizə yaxın qalxıb. Aparılan sorğu-sualdan aydın olub ki, qızıla olan tələbat əvvəlki günlərə, yəni devalvasiyadan öncəyə nisbətən xeyli azalıb, bu da qiymətlərin bahalaşmasından irəli gəlir.

Satıcı, eyni zamanda zərgər Kənan Babayev deyib ki, bazarda alıcı qüvvəsi xeyli azalıb:

“Birinci devalvasiyadan sonra onsuz da qızıl alanın sayı azalmışdı, amma bu qədər də yox. Artıq neçə gündür, demək olar ki, qızıl alan yoxdur. Gündə bir dəst qızıl satanda sevinirik. Əslində camaatı da başa düşürük. Amma belə olmaz axı. Bizim alverimiz yoxdur, vergi ödəyirik, icarə haqqı veririk. Heç olmasa icarə haqqını, vergi pulunu azaltsınlar”.

Digər qızıl satıcıları da vəziyyətin heç də ürəkaçan olmadığını deyiblər. Hamı alıcıların sayının xeyli azaldığından, alverin olmamasından şikayət edib.

Qızıl almaq istəyən Nazilə İsmayılova qızıl almaqda gecikdiyinə görə çox təəssüflənir.

“Ötən həftə gəlib baxmışdım qızıllara. Dedim, qoy gəlin də yanımda olsun. Bu gün də gəlinlə gəldim, qiymətlər iki dəfə qalxıb. Yəqin ki, qənaət etməli olacam. Hər şey almağa imkanın olmayacaq”, – deyə alıcı bildirib.

İqtisadçı ekspert Samir Əliyev deyib ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi:

“Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətinin iki dəfə artması məlum idi. Amma inanmıram ki, bu, uzun müddət davam edər, çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl sahəsində alıcılıq dəyəri azalacaq. İndi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alar, əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil”, – deyə Samir Əliyev bildirib.

Ana səhifəXəbərlərQızılın qiyməti bahalaşıb, tələbat azalıb