”Qızıl top” Messinin oldu

28 yaşlı forvard karyerası ərzində 5-ci dəfə bu mükafata sahib olub

Source:

28 yaşlı forvard karyerası ərzində 5-ci dəfə bu mükafata sahib olub

Bu gün İsveçrənin Sürix şəhərində “qızıl top”un təqdimetmə mərasimi keçirilib. Mərasimdə 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Mükafata “qızıl top”un dördqat qalibi (2009, 2010, 2011, 2012) Lionel Messi, onun “Barselona”dakı komanda yoldaşı Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş “Real”ın ulduzu Kriştiano Ronaldo namizəd idi. Yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən, 2015-ci ilin ən yaxşı futbolçusu Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi seçilib. 28 yaşlı forvard karyerası ərzində 5-ci dəfə bu mükafata sahib olub.

Mərasimdə ilin ən yaxşı məşqçisi, simvolik yığması, ötən ilin ən yaxşı qolunun müəllifi və 2015-ci ilin ən yaxşı qadın futbolçusunun da adı açıqlanıb.

FİFA-nın versiyasına görə keçən ilin simvolik komandası aşağıdakı kimi olub:

Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kriştiano Ronaldo.

İlin ən yaxşı məşqçisi “Barselona”nın çalışdırıcısı Luis Enrike seçilib. Qadınlardan ibarət komandalar arasında 2015-ci ilin ən yaxşı məşqçisi isə ABŞ-ın qadınlardan ibarət millisinin baş məşqçisi Jill Ellis olub.

“Feyr-pley” mükafatı isə qanalı keçmiş futbolçu Cerald Asamoaya çatıb.

İlin ən yaxşı qolunun müəllifinə verilən “Puşkaş” mükafatı Braziliyanın “Qoyaneziya” klubunun hücumçusu Vendell Liranın olub.

2015-ci ilin ən yaxşı qadın futbolçusu ABŞ millisinin və “Hyuston” komandasının futbolçusu Karli Lloyd seçilib. (Komanda.az)

Ana səhifəXəbərlər”Qızıl top” Messinin oldu