Ombudsman Aparatının nümayəndələri də siyasi fəala baş çəkib
Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun yanvarın 5-dən başladığı aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun qızı Nigar Həzi məlumat verərək bildirib ki, siyasi fəalın halı kifayət qədər pisləşib, bədən zəifləyib, ağrıları var:
“Buna baxmayaraq, özünü çox məğrur göstərir. Anam da atama dəstək olaraq, yanvarın 7-dən başladığı aclığı davam etdirir. Ata anama görə çox narahatdır. Onunla telefonla danışıb səsini eşitmək istəyir. Bilmir başına nə gələcək. Buna görə də telefonla zəng etmək hüququndan istifadə edib, həyat yoldaşı ilə danışmaq istəyir”.
Yanvarın 16-da Ombudsmanın Millli Preventiv Qrupunun üzvləri də Tofiq Yaqubluya baş çəkiblər. Bu barədə Ombudsman Aparatından verilən məlumatda bildirilir ki, nümayəndələr siyasətçinin səhhəti, hüquqlarının təmin olunub-olunmaması haqda soruşublar. Görüşdə psixoloq və həkim də iştirak edib.
Ombudsman Aparatından onu da bildiriblər ki, Tofiq Yaqublunun ailə üzvlərinin müraciəti əsasında ona baş çəkiblər.
Nigar Həzi də Ombudsmanın nümayəndələrinin Tofiq Yaqubluya baş çəkməsi üçün müraciət etdiyini təsdiqləyib. Nigar Həzi deyir ki, əslində, Ombudsman Aparatı bu cür hallarda heç müraciət gözləməməli, məsələni diqqətdə saxlamalıdır:
“Amma yenə də müraciətimə operativ şəkildə reaksiya verdiklərinə, Tofiq Yaqubluya baş çəkib, durumu diqqətdə saxladıqlarına görə təşəkkür edirəm”.
Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb. O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.
Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkib. Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir. “Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.
Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
Bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.
Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.
Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.