Odlar Yurdu Universitetinin prorektorunun seyfini oğurlamaqda təqsirli bilinənlərin məhkəməsi gedir
Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin otağından külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib. Prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilın şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin xidməti otağından oğurluq ediblər. Onlar Munir Vəliyevin universitetdə xidməti otağında olan seyfi aparıblar. Oğurlanan pulun məbləği 429 min 172 manatdır.
İttihama münasibət bildirən Mirhəsən Seyidov və Vüqar Vəliyev özlərini təqsirli biliblər. Digərləri isə ittihamla razı olmadıqlarını, özlərini təqsirli bilmədiklərini deyiblər.
Sübhan Ələkbərov bildirib ki, tez-tez universitetinin kafesinə gedib-gəldiyi üçün smestr olduğundan xəbəri olub:
“Smestr olduğu üçün bilirdim ki, orada pul var. Mən oğurluq cinayətini törətmişəm. Kimin otağında olmuşam və ya olmamışam, bunun işə nə adiyyatı var? Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin bura cağırılmasını istəyirəm. Mənim oğurluq etməyimi hardan bildiyini söyləsin. Həmin otaqda 3 dəmir seyf var idi. Seyflərdən birini götürərək gəldiyimiz maşına qoyduq və Hökməli qəsəbəsinə apardıq. Orada seyfi sındıraraq pulları saydıq. Pulun 20 min manatını Vüqar Vəliyevə ayırdım, qalanını isə öz aramızda böldük. Seyfdə ittihamda qeyd olunan qədər pul yox idi. Seyfi özüm kəsmişəm, 120 min manatdan artıq pul olmayıb”.
Fərahim Baxışlı isə ifadəsində qeyd edib ki, Sabirabadda olduğu zaman Sübhan Ələkbərov ona zəng edərək Bakıya gəlməsini xahiş edib: “Dedi ki, Bakıya gəl, qız qaçıracam. Mən də dostum Mirsənanın maşını ilə Bakıya gəldim. Qız qaçıra bilməsək də, oğurluq etdik. Mənə 1000 manat qaldı”.
Proses noyabrın noyabrın 18-də davam edəcək.