“Qiymətlərin tənzimlənməsi ucuz dərman almağa imkan verəcək”

Vüqar Bayramov: “Əslində, bu, dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir”

Source:


Vüqar Bayramov: “Əslində, bu, dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir”

Nazirlər Kabinetinin qərarına görə, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.

İqtisadçı Vüqar Bayramov deyir ki, Taarif Şurasının dərman preparatlarının qiymətini tənzimlənməsinə başlaması sözügedən bazarda müşahidə edilən yüksək və daha çox süni xarakter daşıyan qiymətlər ilə bağlıdır. İqtisadçı öz Facebook səhifəsində yazıb: “İqtisad və Sosial İnkişaf Mərkəzinin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələr ilə müqayisədə xeyili yüksəkdir. Belə ki, oxşar dərman preparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir. Bizdə qiymətlər eyni zamanda digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək olaraq qalır”.

Vüqar Bayramov deyir ki, ölkə prezidentinin ötən müşavirədə dərmanların qiymətinin yüksək olduğunu qeyd etməklə tapşırıqlarını verməsi əslində sözügedən bazarda qiymətlərin tənzimlənməsini vacibliyini bir daha gündəmə gətirmişdi: “Praktik olaraq, dərman bazarındakı süni qiymətlərin inzibati tənzimlənməsinə ehtiyac var idi. Qiymətlərin Taarif Şurası tərəfindən tənzimlənməsi nəyi dəyişəcək? Əslində, bu, dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir. Bu təcrübədən fərqli bazarlar üçün hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil bazar iqtisdiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati təzimlənmənin müsbət tərəfi ondadır ki, bu bazarda qiymət artımlarının qarşısını alacaq. Bununla yanaşı, qiymət tənzimlənməsində əsas məqsəd eyni zamanda endirimlərə nail olamqdan ibarət olmalıdır. Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman preparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiyməti müəyyənləşdirilməsinə ehtiyac var. Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla yanaşı iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir”.

İqtisadçı hesab edir ki, qiymət tənzimlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsi, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir: “Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asıllığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına səbəb olacaq. Bununla da, inzibatı tənzimlənmə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan verəcək”.

Ana səhifəXəbərlər“Qiymətlərin tənzimlənməsi ucuz dərman almağa imkan verəcək”