”Kimlərsə kampaniya aparır”
“Fotolarda görüntülənən qadın mənim həyat yoldaşım deyil”. Bunu Lent.az-a açıqlamasında SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev deyib.
O bildirib ki, “kimlərsə kampaniya aparır”.
SOCAR rəsmisi bununla bağlı Anspress.com saytına da açıqlama göndərib. Açıqlamada deyilir:
“Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.
Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.
Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.
Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında “ətraflı araşdırmanın nəticəsi” kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir”.
O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.
SOCAR rəsmisi Lent.az-a son hadisələrin onun ailəsində və özündə gərgin psixoloji vəziyyət yaratdığını qeyd edib: “Məni başa düşün. Çox gərginəm, geniş danışa, çoxsaylı suallarınıza cavab verə bilmirəm”.
Haqqın. az saytının yaydığı məlumata əsasən, Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K. Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.
Yazıda eyni zamanda Q. Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.
SOCAR isə məsələ ilə bağlı araşdırma başlatdığını bildirib.
Femida.az saytı isə Q.Mehdiyevin Barselonada təhsil alan oğlu Qismət Mehdiyev haqqında yazıb. Sayt Qismət Mehdiyevin öz səhifəsində Meydan TV-nin materiallarını paylaşmasını əsas gətirərək, onu “müxalifətçi” adlandırıb.