Qiyas İbrahimovun gözlərində problem var

Gənc fəal məhkəmədən vaxt istədi

Source:


Gənc fəal məhkəmədən vaxt istədi

Mayın 22-də Bakı Apelyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, Heydər Əliyevin heykəlinin postamentinə şüar yazıldıqdan sonra həbs olunan Qiyas İbrahimovun apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Q. İbrahimovun vəkili Elçin Sadıqov çıxış edib. Vəkil bildirib ki, Qiyas İbrahimov gözlərindəki problemlərlə əlaqədar saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edib. Lakin ondan müayinə üçün məhkəmənin razılığını istəyiblər. E.Sadıqov məhkəmədən xahiş edib ki, təcridxanaya razılıq məktubu göndərilsin.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim Vüqar Məmmədov deyib ki, qanunvericilikdə bu cür məsələlərə görə hakimin razılıq məktubu nəzərdə tutulmayıb.

Vəkil Elçin Sadıqov daha sonra digər vəsatətlərlə çıxış edib. O, bildirib ki, Qiyas İbrahimov və Bayram Məmmədov postamentə şüar yazdıqdan sonra həbs ediliblər. Vəkil Q.İbrahimovun polis idarəsində işgəncəyə məruz qaldığını, törətmədiyi cinayəti boynuna almağa məcbur edildiyini bildirib. Deyib ki, məhkəmə Q.İbrahimov barəsində hökm çıxaran zaman işgəncələrlə əldə olunmuş sübutlara əsaslandığı üçün həmin hökm qanunsuzdur.

Elçin Sadıqov bildirib  ki, Qiyas İbrahimov saxlanılan zaman ona vəkil Oqtay Əliyev təqdim edilib. Lakin O.Əliyev formal vəkillik edib. Belə ki, 2016-cı il may ayında Nəsimi Rayon Məhkəməsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı 51 işə baxılıb ki, onlardan 49-da Oqtay Əliyev vəkil olub: “Bu onun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsini təsdiqləyir”.

Vəkil çıxışında deyib ki, müdafiə etdiyi şəxs saxlanılandan 8 saat sonra tutma protokolu tərtib edilib:

“Bu da polis nəzarətində olan zaman onun cibinə narkotik vasitə atılmasını deməyə əsas verib. Onun evində aparılan axtarışla bağlı məhkəmə qərarı və yaxud anasının razılığı olmalı idi. Lakin bunlar olmadan evdə axtarış aparılıb”.

Elçin Sadıqov vəkil O.Əliyevin 2016-cı ilin mayında çıxdığı işlərin siyahısının, həmçinin Qiyas İbrahimovun adına yazılmış vəkil orderinin 5 saylı hüquq məsləhətxanasından sorğu ilə alınması haqda vəsatət qaldırıb:

“Mən o orderin əslinə baxmışam. Həmin  order başqasının adına yazılıb, sonradan ağardılıb və Qiyas İbrahimovun adı yazılıb”.

Vəkilin Nərimanov Rayon Polis İdarəsindən kamera görüntülərinin alınması barədə də vəsatət verib. Bildirib ki, Q. İbrahimov 3 gün orada saxlanılıb və işgəncəyə məruz qalıb. Həmin görüntülərdə Q. İbrahimovun işgəncəyə məruz qaldığını görmək olar.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

İclasda çıxış edən Qiyas İbrahimov isə gözlərindəki problemlərlə əlaqədar məhkəmədən vaxt istəyib: “Təcridxanada müdiriyyət deyir ki, həkim müayinəsi üçün sizin razılığınız olmalıdır. Siz də deyirsizniz ki, bizlik deyil. Bir-birinizin üstünə atırsız. Tibb məntəqəsinin bir həkimi müayinə eləmişdi, dörd aydan sonra məlum oldu ki, səhv diaqnoz qoyub. İndi isə ümumiyyətlə, imkan verilmir. Zəmanət yoxdur ki, sabah mən təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürüləndə orada mənə belə əngəl yaradılmayacaq. Ona görə də xahiş edirəm, mənə gözlərim müayinə olunana qədər vaxt verilsin”.

Buna görə məhkəmə iclası mayın 31-nə qədər təxirə salınıb.

Qiyas İbrahimov və Bayram Məmmədov ötən il mayın 10-da H.Əliyevin postamentinə “Qul bayramınız mübarək” şüarı yazıldıqdan sonra həbs ediliblər.  Onlar narkotik dövriyyəsində ittiham olunublar və məhkəmə hökmü ilə hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər və şərlənərək həbs olunduqlarını deyirlər.

Ana səhifəXəbərlərQiyas İbrahimovun gözlərində problem var