Qiyas İbrahimov: Dedilər, istəyirsən dubinka ilə zorlayaq

“Dedilər, Həbib Müntəzirlə nə əlaqəniz var ki, şəkli Meydan TV paylaşıb?”

Source:


“Dedilər, Həbib Müntəzirlə nə əlaqəniz var ki, şəkli Meydan TV paylaşıb?”

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı Qiyas İbrahimovun məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.


“Dedilər, ulu öndərə hörmətsizlik etmisiz”

Daha sonra Q. İbrahimov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib:

“Həbsimə səbəb eks-prezident Heydər Əliyevin heykəlinə şüar yazmaq və sosial şəbəkədə paylaşmaq olub. Həbs olunan gün universitetdən imtahandan çıxmışdım. 20-30 metr getdikdən sonra mənə arxadan zərbə endirildi, yıxıldım. Yanımda mülki maşın dayandı. Məni maşınla Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Sürücü ironik şəkildə soruşdu ki, niyə heykəli yazmısan. İdarədə əlimdə qandal bir saatdan çox qaldım. Sonra içəri biri daxil olub hədə-qorxu ilə dedi ki, üstündə axtarış aparılacaq. Dedim, heç nə yoxdu üstümdə. Yəqin heykəli yazdığımız üçün nəsə atıb, sonra çıxaracaqsınız. Gödəkcəmin cibindən mənə məlum olmayan bükülüdə maddə çıxdı. Mən də imtina etdim. Dedim, mənə adiyyatı yoxdur. Dedilər ki, ulu öndərə hörmətsizlik etmisiniz. Söyüb təhqir edirdilər. Mən də dedim ki, heç siqaret çəkmirəm. Onsuz da hamı biləcək ki, bunu niyə etmisiniz. Mənə dedilər ki, dostun İlqar da siqaret çəkmirdi. Onu da göndərdik getdi. Onlar REAL sədri İlqar Məmmədovu nəzərdə tuturdular. Amma mənim İlqar Məmmədovla tanışlığım yoxdur”.

Qiyas İbrahimov


“Dedilər, nə çıxsa, qəbul edəcəksən”

Dedilər, hamınızı gedər-gəlməzə yollayırıq. Sonra məndən soruşdular ki, sənin evdə xüsusi yerin varmı? Dedim: “Niyə soruşursunuz, evdən də nəsə çıxaracaqsınız?” Təhqir edib vururdular ki, sən özünü pis zibilə salmısan. İndi dediyimizi edəcəksən. Dedilər: “İstəyirsən dubinka ilə zorlayaq. Sən elə bilirsən boynuna almasan hər şey bitəcək? Evdəkilərə də nəsə edə bilərik”. Dedilər: “Səninlə evə gedirik, nə çıxsa, qəbul edəcəksən”. Yolda da döyüb, təhqir edirdilər. Maşında təhqir edən döyən Pərviz Məmmədov idi. Evə quldur kimi girdilər. Anam şokda idi. Yaxınlaşıb demək istədim ki, bu oyundur. Anam yerə yıxıldı, sonra oturdu. Nəyin baş verdiyini anlamağa çalışırdı. Soruşdular ki, Qiyas hansı çarpayıda yatır. Anam da göstərdi. Digər çarpayının yanına keçib, guya nəsə axtarırmış kimi oradan da narkotik çıxartdılar. Elə qələbəlik yaratdılar ki, pulemyot da qoyub çıxartmaq olardı. Qolumdan tutanlardan biri dedi ki, sakit ol, istəyirsən tapança da atım? Sonra döyüb, təhqir edə-edə idarəyə apardılar. Orada Bayram Məmmədovun işini aparan müstəntiq Həbib adlı şəxs dedi ki, ifadən yazılacaq, imzalayacaqsan. Hədə-qorxu ilə ifadəni imzalatdılar. Sonra idarənin rəisi Mirqafar Seyidovun yanına apardılar”.


“Mirqafar Seyidov dedi ki…”

“Mən stulda oturmuşdum. Mirqafar Seyidov dedi ki, mənim qarşımda oturmurlar, diz çökürlər. Diz çök. Pərviz ayağıma zərbə vurdu, dizi üstə düşdüm. Soruşdular: “Heykəli yazmaqla bağlı kim tapşırıq verib? Həbib Müntəzirlə nə əlaqəniz var ki, şəkli Meydan TV paylaşıb?” Dedim ki, sosial şəbəkədə yayılan şəkildi, götürüb veriblər. Mirqafar Seyidov dedi: “Siz bu ölkəyə lazımsız düşmən adamlarsınız. Sizdən ölkəni təmizləyirik və təmizləyəcəyik”. Rəisin keçəl olan müavini belindən kəməri çıxarıb vurmağa başladı ki, sizə tapşırığı kim verib, de.

Mən də özümüz yazmışıq dedim. Sonra “Facebook” parolu istədilər, verdim. Dedilər, əgər parol səhv olsa, butulkaya oturdacağıq səni. Bir qədər sonra gəlib dedilər ki, profil bağlıdı, girmək olmur”. Sonra məni Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə apardılar.

Qiyas İbrahim (illüstrasiya)
Qiyas İbrahim (illüstrasiya)

Maşında dedilər ki, taleyini həll etdik. İki gün sonra məhkəməyə aparanda həyətdə məni vurdular və həyəti süpürməmi istədilər. Mən də məcbur olub etdim. Onlar da telefonla çəkirdilər. Bunu vəkilim də görmüşdü. Orada yenə Mirqafar Seyidovu gördüm. Oturub çay içirdilər. Dedi, əyləş, çay iç..Dedim, lazım deyil. Yenə soruşdular ki, sizi kim öyrədib, adın de. Mən də dedim, özümüz yazmışıq. Dedi, onda həbsə gedəcəksən. Yenidən döyüb təhqir etdilər”.

Qiyas İbrahimov istintaq zamanı verdiyi ifadəsini də təsdiq etmədiyini deyib. Daha sonra prokurorun sualların cavablandıran Q. İbrahimov bildirib ki, polislər onu oğurlayıb və evdə axtarış aparılan zaman hal şahidlərinin olub-olmamasını bilmir. Çünki orada çox adam olub. İclasda polis əməkdaşları Pərviz Məmmədov və Elvin Kazımov ifadə verərək deyiblər ki, Q.İbrahimovda narkotik maddə olması haqqında daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Q. İbrahimov narkotiki dörd gün əvvəl İran vətəndaşından aldığını deyib və evdə də narkotik olduğunu söyləyib. Onlar da gediblər və Q. İbrahimov həmin narkotiki onlara təqdim edib. Q.İbrahimov isə polislərin yalan danışdığını deyib. Şahidlər isə ona qarşı hər hansı fiziki təzyiq etmədiklərini bildiriblər.

Proses sentyabrın 28-də davam edəcək.

Ana səhifəXəbərlərQiyas İbrahimov: Dedilər, istəyirsən dubinka ilə zorlayaq