Qiyas İbrahimin atasına cinayət işi açılıb

”Sonuncu məhkəmədəki çıxışı ilə bağlı ola bilər”

Source:
Qiyas İbrahim (illüstrasiya)
Qiyas İbrahim (illüstrasiya)


”Sonuncu məhkəmədəki çıxışı ilə bağlı ola bilər”

Həbsdə olan gənc fəal Qiyas İbrahimin atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə (təhqiretmə) cinayət işi açılıb.

Bu barədə məlumatı Qiyası İbrahimin anası Şura Əmiraslanova verib. Bildirib ki, Həsən İbrahimov iyulun 7-də Ədliyyə Nazirliyinin İstintaq idarəsinə çağırılmışdı:

“Artıq idarədən çıxıb. Ona qarşı cinayət işi açıblar. Ola bilsin sonuncu məhkəmədəki çıxışı ilə bağlıdır. Məhkəmədə hakim Qiyasın sözünü kəsəndə atası əsəbiləşdi. Hakimə etdiyinin doğru olmadığını, Qiyasın haqqını tapdaladığını söylədi. Bir də hakimə ”Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin”,  -demişdi. Hakim həmin vaxt onun ifadələrinin aktlaşdırılmasını istəmişdi”.

Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqiretmə adlanır. Üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb.

Şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqları pozulub.

Ana səhifəXəbərlərQiyas İbrahimin atasına cinayət işi açılıb