Deyəsən, FİFA-ya yenə də avropalı, yenə də isveçrəli başçılıq edəcək
Fevralın 26-da FİFA-da prezident seçkiləri keçiriləcək. Bir il ərizndə ikinci dəfə. Hələ ötən ilin mayında Jozef Blatter növbəti dəfə qurumun prezidenti seçilmişdi. Ancaq FİFA-da aparılan korrupsiya əməliyyatlarından sonra Blatter istefa verməyə məcbur oldu. Daha doğrusu, buna məcbur edildi. Güman ki, isveçrəli funksioner prezident postunu azadlığına qurban verdi.
5 namizədin, 3 qitənin mübarizəsi
Dünya ölkələri futbol imperiyasında söz sahibi olmaq üçün mübarizə aparır. FİFA-da aparılan əməliyyatları bunun göstəricisi saymaq olar. Deməli, fevralın 26-da keçiriləcək seçkilər də bu mübarizənin tərkib hissəsidir. Mübarizə aparan qüvvələr varsa, onların dəstəklədiyi namizədlər də olmalıdır. Bəs, kimin qalib gəlmək şansı daha yüksəkdir? Az qala qitələrarası mübarizə xarakteri alan bu seçkini elə qitələrin də mövqeyi müəyyənləşdirəcək. Gəlin, namizədlərlə tanış olaq:
Şeyx Salman bin İbrahim əl-Xəlifə – Asiya Futbol Konfederasiyasının prezidenti
Canni İnfantino – UEFA-nın baş katibi
Əli bin əl-Hüseyn – İordaniya şahzadəsi
Tokio Seksvale – CAR-ın keçmiş mənzil tikintisi naziri, Nelson Mandelanın silahdaşı
Jerom Şampan – FİFA baş katibinin keçmiş müavini
Beş namizəd – üç qitəni – Avropa, Asiya və Afrikanı təmsil edir. Dünya futbolunda söz sahibi olan Amerikanın namizədi yoxdur. Bunun da başlıca səbəbini elə korrupsiya əməliyyatında axtarmaq lazımdır. ABŞ-ın apardığı korrupsiya əməliyyatı zamanı həbs olunan FİFA məmurlarının demək olar ki, hamısı okeanın o tayında olan ölkələrin vətəndaşlarıdır. FİFA-nı korrupsiya bataqlığına sürükləyən qitədən namizədin olmaması başadüşüləndir. Ancaq bu, o demək deyil ki, Amerikanın bu seçkilərdə marağı yoxdur. Var, özü də hamıdan çox. Elə korrupsiya əməliyyatı da bu maraqlar ucbatından başlamayıbmı? Deməli, seçkilərdə pərdəarxası oyunların gedəcəyi də şəksizdir.
Avropa – Asiya qarşıdurması
Sözsüz, Avropa, Asiya və Afrika təmsilçilərinin səsləri seçkinin nəticəsinə böyük ölçüdə təsir edəcək. Elə bu məqamı nəzərə alaraq, namizədlər arasında iki favoritin olduğunu iddia edə bilərik. Əsas favorit UEFA-nın baş katibi Canni İnfantinodur. Onun əsas rəqibi isə Şeyx Salman bin İbrahim əl-Xəlifədir.
Artıq UEFA-ya daxil olan ölkələr seçkilərdə İnfantinonu dəstəkləyəcəklərini bildiriblər. Belə məqamda fransız Jerom Şampanın hələ də nəyəsə ümid etməsi təəccüb doğurur. Şampan heç öz ölkəsindən – Fransadan da dəstək ala bilməyib. Onun mübarizə aparması gələcək təminatına hesablanıb. Böyük ehtimalla, Şampan favoritlərdən hər hansı birindən əməkdaşlıq təklifi alsa, onun xeyrinə namizədliyini geri götürəcək. Bütün hallarda, Şampan İnfantinoya mane ola, onun səslərini parçalaya biləcək namizəd deyil.
Avropalıya Amerikadan dəstək
İnfantinonu təkcə Avropa ölkələri dəstəkləmir. KONMEBOL da UEFA-nın baş katibi Canni İnfantinoya səs verəcək.
KONMEBOL-un İcraiyyə Komitəsi seçkilərdə İnfantinonun namizədliyini dəstəkləməklə bağlı yekdilliklə qərar qəbul edib.
KONMEBOL prezident seçkilərində 10 səsə sahibdir. 45 yaşlı isveçrəlini Mərkəzi Amerikanın Futbol İttifaqı da dəstəkləyir. Mərkəzi Amerika Futbol İttifaqı KONKAKAF-ın bir hissəsi hesab olunur. Bu ittifaqa 7 federasiya – Beliz, Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua, Panama və Salvador daxildir.
Göründüyü kimi, Canni İnfantinonun güclü dəstəyi var. O, bildirib ki, seçkilərdə qalib gəlmək üçün 105 səs qazanmalıdır. İnfantinonun UEFA-dakı fəaliyyəti onu nüfuzlu futbol funksioneri statusuna yüksəldib. İndi qalır Asiya və Afrika ölkələrinin səslərini parçalamaq və qələbəni təmin etmək.
Şeyx Şahzadəni zərərsizləşdirməlidir
Qeyd etdiyimiz kimi, İnfantinonun əsas rəqibi Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir. Ancaq nə qədər qəribə olsa da, Şeyxin seçkilərdəki əsas rəqibi İnfantino yox, digər asiyalı – İordaniya şahzadəsi Əli bin əl-Hüseyndir. Şahzadə mayda keçirilən seçkilərdə Jozef Blatterə rəqib olmuş və kifayət qədər səs toplamışdı. Ona 70-dən yuxarı ölkə səs vermişdi. Şeyx ilk növbədə şahzadə ilə dil tapmalıdır. Çünki onun səslərini parçalaya biləcək namizəd məhz şahzadədir. İordaniya şahzadəsi namizədliyini Şeyxin xeyrinə geri götürməsə, İnfantinonun qələbəsi şübhə doğurmayacaq. Afrika qitəsinin namizədi Tokio Seksvale heç nəyə ümid bəsləyə bilməz. Güman ki, o da Şeyxdən bəzi vədlər alıb, namizədliyini onun xeyrinə geri götürəcək. Bununla bağlı ilkin addım da atılıb. Asiya Futbol Konfederasiyası ilə Afrika Futbol Konfederasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Bu sazişə etirazını bildirən yeganə namizəd isə Əli bin əl-Hüseyn olub. Şeyx həmqitəlisi ilə münasibətləri yoluna qoya bilməsə, afrikalılarla bağlanmış sazişin heç bir əhəmiyyəti olmayacaq. Deyəsən, FİFA-ya yenə də avropalı, yenə də isveçrəli başçılıq edəcək.