Şabranlıların yol problemini həll edən yoxdur
Sağı, solu evlərlə əhatələnmiş, yolu çala-çuxur dolu yer Şabranın mərkəzdən çox da uzaq olmayan Füzuli küçəsidir.
Bura Şabranın “Stansiya” adlanan ərazisində, şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşir.
Sakinlərinin deməsinə görə, şəhərin ən qədim küçələrindəndir. Burada məskunlaşma 1940-1950-ci illərdən başlayıb.
80-dən çox evi olan küçənin 300-dən artıq sakininin bir problemi var – küçənin təmirsiz, baxımsız olması.
Küçə sakinləri Meydan TV-yə ünvanladıqları müraciətlərində bildirirlər ki, şəhərdə yaşamalarına baxmayaraq, yağış yağanda ərazi ən ucqar kəndin yollarından betər olur. Palçığın, suyun içindən keçib getmək müşkülə çevrilir.
“Bazara gedirsən, yükün ağır olanda taksi tutmaq istəyirsən, maşınlar bu küçəyə gəlmək istəmirlər. Yayı su və palçıq olmur, amma bu dəfə də toz mövsümü başlayr. Toza görə pəncərə aça bilmirik. Bir maşın keçir, yaratdığı tozanaq bir neçə dəqiqə havada qalır. Ordan da evlərimizə, ciyərlərimizə çökür”, – küçə sakinləri bildirir.
Onların sözlərinə görə xəstə olanda təcili yardım çağırmaq da çətin məsələdir. Yollar bərbad olduğundan gələn maşın gecikir, yaxud kənarda saxlayıb gəlməli olurlar. Beləliklə də, xəstəyə ilkin tibbi yardım göstərməyə gecikirlər.
Sakinlərin bildirməsinə görə, dəfələrlə problemləri ilə bağlı aidiyyatı orqanlara müraciət ediblər. Lakin hər dəfəsində “sizin küçənin təmiri üçün büdcədən vəsait ayrılmayıb”, – cavabı alıblar.
Şabran Rayon İcra Hakimiyyətindən yolların nə zaman düzələcəyi ilə bağlı bildirilib ki, rayonda indiyədək xeyli küçələrdə abadlıq işləri aparılıb, yollara asfalt örtüyü salınıb:
“Bu işlər növbə ilədir, yavaş-yavaş bütün təmirsiz, asfaltsız küçələrin problemi həll ediləcək”.
Şabran sakinləri bildirirlər ki, küçələri şair Məhəmməd Füzulinin adını daşıyır. Barı ona hörmət edib, bu küçənin təmirini gecikdirməsinlər:
“Həqiqətən küçəmiz çox acınacaqlı vəziyyətdədir. Gözdəniraq, diqqətdənkənar qalmışıq. Baxanda döyüş meydanlarındakı səngəri xatırladır. Hər il rayonun büdcəsinə abadlıq məqsədilə vəsait ayrılır. Bəzi küçələr təmir də olunur. Lakib illərdir nə köhnə icra başçıları, nə də indiki icra başçısı Asif Hüseynov məhz bu küçəyə asfalt çəkdirməyib”.
Şikayətçilər bildirirlər ki, indiyədək bir neçə dəfə aralarında pul toplayıb küçəyə qum-çınqıl tökdürüblər. Lakin o da bir müddətdən sonra əvvəlki duruma düşüb.
“Üstəlik küçə işıqlandırılmadığından gecə küçə qaranlığa qərq olur”.
Şabranın Füzuli küçəsinin sakinləri tezliklə problemlərinin həll ediləcəyinə ümid bəsləyirlər.