Nardaran işinə görə məhkum edilən Əbülfəz Bünyadovun vəziyyətinin ağır olduğu bildirilir
Nardaranda 2015-ci il noyabrın 26-da əməliyyat keçirilən evin sahibi, hazırda məhbusluq həyatı yaşayan Əbülfəz Bünyadovun durumu ağırdır.
Bu barədə “AzadlıqRadiosu”na onun ailə üzvləri
danışıb.
Onurğasından güllə yarası aldığından hərəkət qabiliyyətini itirən və hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Ə.Bünyadovun yaxınları bildirib ki, qısa müddətdə həbsdən buraxılmasa, həyatını itirə bilər.
“Həkimlər gəlib baxırlar, lazım olan iynə-dərmanı eləyirlər. Amma bu adamın bədəninin 80 faizi işləmir. Onu yataqda çevirməkdən ötrü də kömək lazımdır. Ona ancaq palatadakı məhkumlar kömək eləyirlər. Halbuki, onların özləri də xəstədir, yardıma ehtiyacları var. Onlardan da birinin ayağı amputasiya olunub, biri onurğasından əməliyyat olunub”.
Uzun müddət yataq xəstəsi olub, eyni vəziyyətdə qalan adamların bədənində yaralar açılır. Ailə üzvlərinin sözlərinə görə, Ə.Bünyadovun iflic olmaqdan başqa, həm də belə yaralardan, Hepatit C xəstəliyindən əziyyət çəkir.
Vəkil Fariz Namazlı bildirib ki, apelyasiya məhkəməsinin qərarından yaxın günlərdə Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Ə.Bünyadovun ailə üzvləri ümid edir ki, bəlkə Ali Məhkəmə onun cəzasını dəyişər:
“Öz ehtiyaclarını belə, ödəmək qabiliyyətində olmayan adamı həbsdə saxlamaqla nə qazanırlar, onu anlamırıq…”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, belə ağır xəstə olan məhkumlara həm tibbi personal xidmət göstərir, həm də təsərrüfat briqadasındakı məhkumlar qulluq edir.
İkisi polis olmaqla, altı nəfərin öldürüldüyü, ilahiyyatçı, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov da daxil, onlarla adam həbs edilib. Ə.Bünyadov “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvüdür.
T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.
Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.
Ə.Bünyadov 15 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.