Qış gəlir: Salam, köhnə palto!

Qışın ayaq səsləri eşidilir. Mövsümün geyimləri də alış-veriş mərkəzlərinin vitrinlərini bəzəyib artıq. Bəs qışı başa vurmağa su keçirməyən ayaqqabı, Bakının küləyindən sizi qoruyacaq üst geyiminizi necə ala bilirsiz?

“Çox vaxt mollardan alış-veriş edirəm. Hal-hazırda alış-verişə çıxmışam, amma əllərim boşdur. Neçə saatdır gəzirəm, normal bir şey yoxdur.Hər şey bahadır, amma keyfiyyət sıfırdır. Bahalı alırsan ki, keyfiyyətli olsun, amma iki-üç günə vaxtı bitir”.

Şəhər sakinləri qiymətlərin bahalığından şikayətlənsələr də, yenə də böyük alış-veriş mərkəzlərinə üz tuturlar. Kimisi isə yanından ötüb keçir və elə bir az aralıdakı keçid ticarət mərkəzinə baş çəkir.

Ekspertlər bildirir ki, son iki ilin iki devalvasiyası öz sözünü deyib. Manat dəyərini itirdikdən sonra xaricdən alınan malların qiyməti qalxıb. Üstəlik, yaşayış minimumu, yəni aya 155 manatla dolanan ailə üçün qışın gəlməsi əlavə qayğılar yaradır. 155 manatlıq istehlak səbətinə görə, bu cür ailələr 8 ildə 3 dəfə palto ala və ya 3 il yarımda 6 cüt ayaqqabı dəyişə bilərlər. İqtisadçı Toğrul Maşallı deyir ki, istehlak səbəti bazardakı qiymətlərə uyğun tənzimlənməyib. Bu səbət Sovet dövrünün şərtlərinə uyğun hesablanıb.

“İstehlak səbətində kostyumun altından nə geyinilməlidir o göstərilmir. Adətən bütün ölkələrdə bu göstərilir. Hətta qonşu Gürcüstanda da bu göstərilir. Hətta göstərilənlərlə də çətindir. Səbətdə ən ucuz kostyum, ən ucuz palto göstərilib, amma yaşayış minimumunu hesablayanda ən ucuz yox, normal keyfiyyət, orta qiymət əsas götürülməlidir”.

Bəs istehlak səbətinə görə, eyni ilə həm üst geyimi, həm də ayaqqabı aldıqda aylıq məvacibdən geriyə nə qalır?

“Hər şey bahadır imkan yoxdur almağa. Ən bahalı ayaqqabını 30 manata almışam. Ayağımdakını iki-üç ildir ki, geyinirəm. 30 manata almışam”.

Ekspertin sözünə görə, ölkədə geyim sektorunda yerli istehsal yox dərəcəsindədir. Ona görə də qiymətlərin bahalığında idxal rüsumları da rol oynayır. Ən azı 30 faiz qiymətin azalmağını istəyiriksə, yerli istehsal stimullaşdırılmalıdır.

Ana səhifəVideoQış gəlir: Salam, köhnə palto!