“Bu o deməkdir ki, Bakıda saxlanılan ermənilərin taleyi yalnız Azərbaycan hakimiyyətinin kaprizlərindən asılı olacaq”
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin bağlanması erməni hüquq müdafiəçilərini narahat edir.
“Bu, yeganə beynəlxalq təşkilatdır ki, erməni məhbuslara baş çəkmək imkanı olub.
Bu o deməkdir ki, Bakıda saxlanılan ermənilərin taleyi yalnız Azərbaycan hakimiyyətinin kaprizlərindən asılı olacaq və bu, Ermənistan hakimiyyətinə əlavə siyasi təzyiq rıçaqına çevrilə bilər”, — hüquq müdafiəçisi və beynəlxalq hüquqşünas Siranuş Saakyan deyir.
Bu strukturun işgəncənin qarşısını almaq mexanizmi yoxdur; humanitar missiyanı yerinə yetirir. Amma onun səfərləri Azərbaycanda saxlanılan ermənilərə müsbət təsir edir, Saakyan belə hesab edir.
Hüquq müdafiəçisi bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin bağlanmasından sonra rəsmi Yerevan “vəziyyəti yumşaltmaq” üçün addımlar atmağa çalışmalıdır. O, İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin fəaliyyətinin aktivləşdirilməsini təklif edir.
Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin bağlanıldığı haqqında məlumatı martın 5-də BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib.
Daha öncə, martın 1-də “Caliber.az” yazmışdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Qarabağda separatçıların “prezidenti” Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, hazırda Azərbaycanda 14 nəfər həbsdədir və Bakıda onların məhkəmə prosesi keçirilir.
Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.