Agentliyin daha bir əməkdaşı da cinayət məsuliyyətinə cəlb olunub
Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin və həmin sektorun məsləhətçisi Araz Qazıyev barəsində cinayət işi başlayıb.
Bu barədə agentliklə
Respublika Prokurorluğu
nun birgə yaydığı məluatda bildirilir. Qeyd olunur ki, adıçəkilən şəxslər cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаqda şübhəli bilinirlər. Onlar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb ediliblər.
Məlumatda bildirilir ki, E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrələri və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli əlaqə telefonları vasitəsilə məlumat vermələrini xahiş edir.