277 QHT-nin qrant layihəsinə ”yox” deyildi
QHT-lərə Dövlət Dəstəyi Şurası qrant layihələrilə bağlı müsabiqənin nəticələri ilə bağlı müzakirələri yekunlaşdıraraq 40-dan çox bal toplamış 277 layihənin maliyyələşdirilməsini qərar alıb. 273 layihə isə 40-dan az bal topladıqlarına görə müsabiqədən kənarda qalıb.
Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, müsabiqədən kənarda qalanlar arasında tanınan simalar da var. Bu sırada Tarix və Mətbuat Araşdırmalarına Dəstək təşkilatının sədri Nəsiman Yaqublu, Azərbaycan Respublikası Iqtisadçılar Ittifaqının sədri Ziyad Səmədzadə, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin sədri Yunus Oğuz, “Ekonomiks” Beynəlxalq Iqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov, “Azərbaycan Reklamçılar Ittifaqı” Ictimai Birliyinin sədri Hacıəmi Atakişiyev, “Güzəran” Sosial Araşdırmalar Ictimai Birliyinin sədri Qadir Ibrahimli, “Tolerantlıq” Sosial Araşdırmalar Ictimai Birliyinin sədri Azər Rəşidoğlu, Vətəndaş Cəmiyyəti uğrunda Qadınlar Alyansının sədri Niyazi Mehdi, Media və Mülki Cəmiyyət Ictimai Birliyinin sədri Xanoğlan Əhmədov, Demokratiya və Insan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev, “Polisə Dəstək” Ictimai Birliyinin sədri Şəmsəddin Əliyev və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının adını çəkmək olar.
Layihəsi keçməyənlərdən iqtisadçı Qadir İbrahimli Meydan TV-nin bu barədə sorğusuna narazılığı olmadığını ifadə etdi: “Hər hansı müsabiqədə iştirak edərkən onun şərtləri və gözlənilən nəticələriylə bağlı məqamları qəbul etmək lazımdır. Bu baxımdan heç bir narazılığım yoxdur. Təbii ki, şura indiyə qədər sədri olduğum “Güzəran” Sosial Araşdırmalar Ictimai Birliyinin layihələrini dəfələrlə maliyyələşdirib. Yenidən müsabiqə elan edib. Növbəti müsabiqədə iştirak edəcəyik”
“Tolerantlıq” Sosial Araşdırmalar Ictimai Birliyinin sədri Azər Rəşidoğlu isə deyib ki, layihəsinin keşməməsi ona izah olunmayıb: “Layihənin keçməsi üçün 40 bal lazımdır, mənim layihəm 39,5 bal toplayıb. Hazırda səbəbləri araşdırırıq. Amma xüsusi bir ertirazım yoxdur”.
Qəzetin iddiasına adıçəkilən təşkilatlardan hər hansı reaksiya yoxdur.