İlqar Əliyev ölkəyə metaldan hazırlanmış əşyalar gətirməkdə günahlandırılır
Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Meydan TV-nin məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə İ.Əliyev son sözlə çıxış edib.
O, günahsız olduğunu və heç bir cinayət əməli törətmədiyini deyib: “Heç nə olmadığı halda prokuror 13 il cəza istədi. Nə deyə bilərəm ki?”
Daha sonra hökm oxunub. Hökmə əsasən, İ. Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Moskva-Bakı aviareysi ilə gələn İlqar Əliyevin şəxsi əşyaları arasında gömrük nəzarətinə təqdim olunmayan metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.
İ.Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) 302 ve 313-cu maddələri ilə ittiham olunur.