QHT rəhbəri həbsini gözləyir

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədov həbslə hədələnir

Source:


Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədov həbslə hədələnir

Salyan rayonunda fəaliyyət göstərən, 2007-ci ildə dövlət qeydiyyatına alınan Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədov həbsini gözləyir. Bu barədə Meydan TV-yə məlumat verən birliyin sədri Emin Məmmədov bildirib ki, icra başçısı korrupsiya faktlarını ictimailəşdirdiyi üçün ondan qisas almaq istəyir: “Bizim regionda insan hüquqları, rayon büdcəsinin xərclənməsi ilə bağlı apardığımız  monitorinqlər icra başçısı Sahib Kərimovu qıcıqlandırırdı. Ötən ilin dekabrında dövlət başçısı İlham Əliyevə müraciətimiz mediada yayılandan sonra icra başçısını daha da əsəbləşdi. Tahir Kərimov yayılan müraciətimdə neqativ halları aradan qaldırmaq əvəzinə hər toplantıda məni “Amerikanın agenti” adlandırıb yerli hüquq-mühafizə orqanlarından tədbir görməyi tələb edirdi. Belə olanda mən yenidən Prezident Administrasiyasına müraciət etdim”.

Emin Məmmədov deyib ki, müraciəti yayılandan sonra icra başçısına yaxın dairələrdən ona xəbərdarlıq olunub: “Mənə dedilər ki, səni ya fiziki baxımdan məhv edəcəklər, ya da həbs olunacaqsan. Həbsimi gözləyən zaman 4 ay əvvəl birliyə üzv olan Tofiq Qasımovdan zəng gəldi, dedi ki, döyülüb və polis onu  saxlayıb. Təsəvvür edin ki, Polis İdarəsində heç bir səbəb göstərilmədən onu döyüblər və 10 sutka həbs veriblər. Bu hadisədən sonra icra başçısı bütün kənd nümayəndələrinə göstərtiş verib ki, Tofiq Qasımovun təşkilat adından onlardan pul istəməsi haqqında müraciət hazırlasınlar. Belə olanda mən həbsi ictimailəşdirdim, prezidentə, deputatlara və beynəlxalq təşkilatlara müraciət etdim ki, icra başçısının məqsədi məni həbs etməkdir”.

 Emin Məmmədov bildirdi ki, vəkili Əlayif Həsənov iki dəfə Tofiq Qasımovla görüşmək istəsə də, icazə vermədilər. Onun inzibati həbs müddəti başa çatan gün yaxınlarını Polis İdarəsinə çağırıb vəkillə müqavilə imzalamamağı tələb etdilər: “Belə olanda Əlayif Həsənov məcbur olub getdi, amma sonra yaxınları mövqelərini dəyişdilər. Vəkil yenidən rayona qayıdıb Tofiq Qasımovla görüşəndə o, vəkilə ehtiyacının olmadığını deyib”.

Aprelin 17-də Tofiq Qasımovla görüşən Emin Məmmədov təşkilat üzvünün ağır vəziyyətdə olduğunu deyib: “Tofiq Qasımov “sındırılmışdı”, yanında icra hakimiyyətinin tutduğu vəkil oturmuşdu, əvvəl gözümə baxa bilmirdi, sonra başını qaldırıb isterik tərzdə dedi ki, “həbsimdə günahkar sizsiniz”. Ardınca qarşısına qoyduğum tapşırıqlardan danışaraq onu kəndlərdə filan adamların yanına göndərdiyini söyləyəndə, həmin adamları tanımadığımı bildirdim. Vəziyyəti belə görəndə hönkür-hönkür ağlamağa başladı, ardınca ürəyini tutub “öləcəyəm” deyib övladlarını görmək istədiyini söylədi”.

Mövcud durumu Meydan TV-yə şərh edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, Qərbin diqqəti Ukrayna olaylarına qarışdığından Azərbaycan hakimiyyəti daxildə “təmizləmə” işləri aparır: “Xüsusən də regionlarda siyasi məhbuslarla bağlı durum daha ağırdır. Rayonlarda azad sözü ifadə edəcək insanlar “barmaqla” sayılacaq qədərdir. Yerli icra hakimiyyətləri isə özlərini orta əsr hökmdarları kimi aparırlar, ictimai-siyasi fəallarla daha zorakı davranırlar. Bu mənada Emin Məmmədovun həbsi fonunda Demokratiyaya Yardım İctimai Birliyinin təzyiqlərlə üzləşməsi onların rayondakı mənimsəmələri, özbaşınalıqları ictimailəşdirmələrindən doğur”.

Ana səhifəXəbərlərQHT rəhbəri həbsini gözləyir