Bir müddət sonra Azərbaycanda xarici donorların fəaliyyətinə məhdudiyyətlərin zəifləməsini gözləmək olar, amma hökumətlə sıx əməkdaşlıq və maksimum şəffaflıq şərtilə
Beləliklə, prezident İlham Əliyev noyabrın 19-da “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və
“Qrantlar haqqında” qanunlara Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi düzəlişləri təsdiq etdi. Düzəlişlər Azərbaycanda QHT-ləri və xarici donorları hökumətdən asılı vəziyyətə salı
r.
Düzəlişlərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda QHT-lərin və xarici donorların fəaliyyəti yalnız dövlətin razılığı ilə həyata keçirilə bilər. Formal olaraq hakimiyyət yenilikləri şəffaflıq və qrantlardan məqsədəuyğun istifadə zərurəti, habelə QHT-lərin xaricdən çox maliyyələşdirilməsinə ehtiyac olmaması ilə izah edir.
QHT-lər haqqında qanunvericiliyə son dəyişikliklərin qəbul edilməsi və ümumiyyətlə son 14 ildə vətəndaş sektoruna aid qanunvericiliyin sərtləşdirilməsi ictimai fəallığın məhdudlaşdırılması üzrə düşünülmüş siyasətə dəlalət edir. Yalnız bu il QHT-lər haqqında qanunvericiliyə üç böyük dəyişiklik edilib. Hələ bu yaxınlarda, iyunun 19-da İlham Əliyev iyunun 8-də elə özünün təşəbbüs kimi parlamentə təqdim etdiyi QHT-lər haqqında qanunvericiliyə növbəti məhdudlaşdırıcı düzəlişləri təsdiq edib.
Dəyişikliklər qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin 50 faizi aşmaması haqqında müddəadan ibarət idi. Ekspertlərin sözlərinə görə, bu, dərhal elə bir vəziyyət yaratdı ki, demək olar ki, xaricdən maliyyələşən bütün QHT-lər qanundan kənarda qaldı. Yerli filantropiyanın faktiki olaraq olmadığı bir şəraitdə QHT-lər layihələrin tamamilə maliyyələşdirilməsini üzərinə götürməsi üçün Azərbaycan hökumətindən kömək istəmək məcburiyyətində qaldılar. QHT-lərin hakimiyyətdən asılılığı, şübhəsiz ki, dövlətə vətəndaş cəmiyyətinə təsir göstərmək üçün əlavə vasitə yaradır.
Xarici vətəndaşların QHT yaratmasının qadağan edilməsi, qanunu pozan QHT-lərin fəaliyyətinin 5 il qadağan edilməsi, habelə iş üçün ərazi məhdudiyyətləri digər qalmaqallı tədbirlər arasında idi. “Ümummilli status” almaq üçün QHT Azərbaycanın 69 inzibati rayonunun ən az üçdə birində filiallara malik olmalıdır.
Bu il prezident QHT haqqında qanunvericiliyə ilk düzəlişləri fevralın 3-də təsdiq edib. Bu düzəlişləri parlament 17 dekabr 2013-cü ildə qəbul edib. Qanun layihəsinə əsasən, indi QHT-lər hər 90 gündə bir icra hakimiyyəti orqanlarına kadr dəyişiklikləri haqqında məlumat verməlidirlər. Həmçinin QHT-lərin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun yoxlanmasının yeni qaydaları və bu yoxlamalara maneə yaradılmasına görə məsuliyyət müəyyən edilib.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun 13 iyun 2000-ci ildə qəbul edilib. Bu qanun qəbul edildiyi andan etibarən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında” qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə 50 əlavə və dəyişiklik edilib. Bu əlavə və dəyişikliklər yerli və xarici QHT-lərin dövlət qeydiyyatında ciddi çətinliklərə, qeydiyyatdan keçməmiş təşkilatların fəaliyyətində məhdudiyyətlərə və s. səbəb oldu.
Qanunvericiliyin sürətlə sərtləşdirilməsi və müstəqil QHT institutunun faktiki olaraq məhv edilməsi 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərindən dərhal sonra başladı, bundan əvvəl isə cəmiyyətə ideoloji təsir və qərb hökumətləri və beynəlxalq təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları ilə qəsdən qarşıdurma yaradıldı.
Bu hücum üçün formal bəhanə 2013-cü ilin qışında-yazında qeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı gənclərin etiraz aksiyaları oldu. İlk preventiv reaksiya gənclər hərəkatlarının liderlərinin və fəallarının həbsləri, daha sonra isə qərb fondlarının və ilk növbədə Amerika fondlarının Azərbaycanda rəngli inqilablar həyata keçirmək cəhdində ittiham edilməsi oldu. Həmin vaxt Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev birbaşa Milli Demokratiya İnstitutunu (NDİ) gənclərin etirazlarının təşkilində ittihiam etdi. Və bu ittihamlar prezident seçkilərindən sonra xüsusən artmağa başladı.
2014-cü ilin may ayında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarı daxili işlərə qarşımaqda ittiham edib. “AzərTAc” dövlət agentliyinə müsahibəsində o, səfirin “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə Azərbaycanda vətəndaş cəmiyyəti daha da sıxışdırılarsa, Maydan hadisələrinin qaçılmaz olacağını qeyd etdiyi müsahibəsini “qərəzli” adlandırıb.
O, həmçinin Qərbi Ukraynada prezident Yanukoviçi devirməkdə ittiham edib. “ABŞ hakimiyyəti 1991-ci ildən Ukraynada demokratik proseslərə 5 milyard dollar xərcləyib. Amma təcrübə göstərir ki, əksər hallarda bu pullar dağıdıcı qüvvələrin formalaşdırılmasına sərf olunur. Ukraynada Qərbin maliyyələşdirdiyi QHT-lərin və milliyyətçi qüvvələrin fəaliyyətinin necə bir fəlakətə gətirib çıxardığı heç kimdə şübhə doğurmur”, deyə Mehdiyev qeyd edib.
Bu zaman o iddia edib ki, ABŞ Azərbaycanda da analoji proseslər hazırlayırdı. “Müqayisə üçün demək istəyirəm ki, müxtəlif vaxtlarda bizə də məlumat daxil olurdu ki, müəyyən qüvvələr ölkəmizdə bənzər ssenarilər həyata keçirməyə cəhd edirlər. Ekspertlərin və analitiklərin fikrincə, 2013-cü ilin yazında “facebook inqilabı”na 3 milyon dollardan çox vəsait xərclənib”, deyə Mehdiyev bildirib.
Gənclər hərakatının boğulmasından dərhal sonra hakimiyyət ABŞ-ın qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filiallarının və nümayəndəliklərinin: İREX, ABA, NDİ, Revenue Watch Institute, USAID, NED və s. fəaliyyətinin məhdudlaşdırılması, QHT-lərin hesablarının dondurulması, məşhur hüquq müdafiəçilərinin neytrallaşdırılması və həbsi prosesinə başlayır.
Qərbin reaksiyası zəif və hətta, demək olar ki, növbətçi-formal oldu. Belə bir təəssürat yaranır ki, ABŞ və digər ölkələr Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına nəzarət üzrə yeni siyasət həyata keçirməsi ilə razılaşıb. Maraqlıdır ki, QHT qanunvericliyinin sərtləşdirilməsi qərb ənənələri nöqteyi-nəzərdən Əliyevin üçüncü dəfə seçilməsi ilə əlaqədar əvvəldən qeyri-demokratik hesab olunan prezident seçkilərindən dərhal sonra başlayır. Hələ yayın ortalarına qədər üçüncü dövr mövzusu sual altında idi və Bakı və Vaşinqton arasında yüksək səviyyəli intensiv məsləhətləşmələrdən sonra gündəlikdən çıxarılmışdı. Tərəflər Əliyevin olimp zirvəsini üçüncü dəfə fəth etməsi üçün yol açan əldə edilmiş kompromislərin mahiyyətini açıqlamır, amma görünən praqmatik “real siyasətçi” elementləri daha çox Azərbaycanda memarı Əliyev özü olan “idarə olunan demokratiya” planının həyata keçirilməsini göstərir.
Xarici donorların Azərbaycandan gedəcəyi şübhə altındadır, çünki onların hökumətləri heç də bunu etmək niyyətində deyillər. Ehtimal etmək olar ki, Qərb və Azərbaycan arasında əməkdaşlığın növbəti mərhələsi Azərbaycan hökuməti + xarici hökumət + xarici donor + QHT-lərə Dövlət Dəstəyi Şurası + yerli QHT formatında həyata keçiriləcək. Bir müddət sonra Azərbaycanda xarici donorların fəaliyyətinə məhdudiyyətlərin zəifləməsini gözləmək olar, amma hökumətlə sıx əməkdaşlıq və maksimum şəffaflıq şərtilə. Prinsipcə, bu əməkdaşlıq şərtləri xarici tərəfdaşları ona görə qane edir ki, onların əsas missiyası Azərbaycanda qərb standartlarına uyğun olaraq demokratik siyasi və iqtisadi islahatlara yardım etməkdən ibarət idi. Bu siyasət mütləq dövlət qurumlarının QHT layihələrində iştirakını nəzərdə tuturdu ki, bu, son vaxtlar layihələrin hökumət tərəfindən boykot edilməsi ilə əlaqədar nadir hallarda mümkün olurdu. Həm də Azərbaycanda islahatların dərinləşdirilməsi və dünyada formalaşan iqtisadi və siyasi konyektura ilə əlaqədar, habelə tükənmiş ekstensif idarəetmə formasından imtina zərurəti tərəfləri əməkdaşlığa sövq edəcək. Prinsipcə, dövlət artıq cəmiyyət üzərində total nəzarət qurub və indi idarə olunan və özü üçün təhlükəsiz olan uçuş rejimində güzəştlərə gedə bilər.