Bu gün, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən şəxslərdən daha biri Nərgiz Muxtarovanın məhkəməsi keçirilib.
Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edib.
Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
"QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.
Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.
Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.İ
stintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəməyə etiraz edib. Vəkil bildirib ki, tərkibin iki üzvü – Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır, səlahiyyət müddətləri bitir. O həmçinin bütün tərkibə etiraz edərək qeyd edib ki, Muxtarovanın həyat yoldaşı, “AbzasMedia işi”nə görə həbs olunmuş, AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin də cinayət işinə bu tərkib baxıb.
Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edib. Prokuror vurğulayıb ki, hər iki hakimin səlahiyyət müddəti bitməyib.
Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
Daha sonra vəkil məhkəmədən Baş Prokurorluğa sorğu göndərilməsini istəyib. O bildirib ki, müvəkkilinin işində şahid qismində adı keçən Şəhla İsmayılın barəsində ayrıca cinayət işi açılıb və bu barədə məhkəməyə məlumat verilməlidir.
Vəkil deyib ki, Şəhla İsmayıla da Nərgiz Muxtarovanın ittiham olunduğu eyni iki maddə üzrə əlbirlik ittihamı verilib, lakin onun işi ayrıca icraata götürülüb:
“Biz şahidin statusunun aydınlaşdırılmasını istəyirik,” – deyə vəkil qeyd edib.
Bundan əlavə, Xaliq Hüseynov müvəkkili barəsində açılan cinayət işinə xitam verilməsi barədə də vəsatət qaldırıb, lakin məhkəmə bu müraciəti də təmin etməyib.
Növbəti məhkəmə prosesi oktyabrın 27-nə təyin olunub.