“QHT işi” üzrə məsuliyyətə cəlb edilənlərin kimliyi məlum olub

Foto: Meydan TV

3 nəfər həbs olunub, 2 nəfər polis nəzarətinə verilib, 1 nəfər axtarılır

“QHT işi” üzrə məsuliyyətə cəlb edilənlərin kim olduqları açıqlanıb.

Hakimiyyətyönümlü internet televiziyası “Baku TV”-nin yayımladığı materialda Əhməd Məmmədzadə, Qalib Bayramov, Asəf Əhmədov, Nərgiz Muxtarova, Aytac Ağazadənin adları çəkilir.

Materialda qeyd olunur ki, 2025-ci il aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimai fəal Aytac Ağazadə ilə bağlı istintaq orqanından məhkəməyə təqdimat daxil olub. Təqdimata aprelin 11-də Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Amma o, ölkədə olmadığından haqqında axtarış elan edildiyi vurğulanır.

Baş Prokurorluğun İstintaq idarəsindən və adları çəkilən şəxslərdən məsələyə münasibət almaq mümkün olmayıb.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə) bu iş üzrə həbs olunublar.

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.

Ana səhifəXəbərlər“QHT işi” üzrə məsuliyyətə cəlb edilənlərin kimliyi məlum olub