Bu gün, oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri,“QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti üzlərindən biri, iqtisadçı Qalib Bayramovun məhkəməsi başlayıb.
Məhkəməyə Eldar İsmayılov sədrlik edib.
Keçirilən hazırlıq iclasında Qalib Bayramovun anket məlumatları dəqiqləşdirilib.
"QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.
Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.
Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.
İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
Vəkil Zibeydə Sadıqova vəsatət verərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Prokuror vəsatətin baxılmamış saxlanılmasını tələb edib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses oktyabrın 22-nə təxirə salınıb.