Martın 9-da Bakı-Sumqayıt yolunda avtobusun qəza törətməsi nəticəsində 6 nəfər həlak oldu. Həmin gündən 20 yanvardan Sumqayıta hərəkət edən avtobuslar ərazidən yığışdırıldı. Dövlət Avtomobil Nəqliyyatı Xidməti mikroavtobusların lisenziyasının çoxdan ləğv olunduğunu və qanunsuz işlədiklərini bildirdi. Amma həmin ərazidən Sumqayıta yenə avtobuslar yol alır.
Sərnişinlər deyir ki, qəzanın baş verməsi avtobusun qanunsuz işləməsindən yox, qəzavü-qədərdən asılıdır.
-“Qanunsuzdur, yığışdırsınlar. Qəzaya qalanda, göydə təyyarə də qəza edir, suda gəmi də qəzaya düşür. Olacaqdır… Əsas sürət həddin aşmasın.Hansı sürücü bərk sürürsə, biz deyirik ki, yavaş sür”.
-“O demək deyil ki, mən hökmən Avtovağzaldan getməliyəm. Burada metrodan düşürəm, yaxındır, sərf eləyir, vaxt itirməməkdən ötrü buradan gedirəm”.
-“Kimin qisməti nədirsə, odur. İstəyirsən səni qızıl qutuya qoyalar, sənin qismətin varsa, öləcəksən. Sənin “alın yazın” odur. Nə olub, Allaha şükür, ağıllı-başlı sürürlər. Camaatın qeydinə qalıb, aparıb-gətirirlər. Avtobuslar çatmır, ona görə bunlar gedib-gəlib kömək edirlər”.
Avtobuslar təkcə səhər yox, həm də gecələr işləyir. Özü də Post Patrul Xidməti əməkdaşlarının gözü qarşısında.