Qəzada 4 nəfərin ölümünə səbəb olmuş şəxsin məhkəməsi başlayıb

Məhkəmədə o da məlum olub ki, qəza nəticəsində ölən şəxslərin yaxınlarıyla barışıq əldə olunub, onlar şikayətçi deyil.

Foto: Meydan TV


Zərərçəkən kimi tanınan şəxslər şikayətçi deyil

Bu ilin yayında Novxanı bağlar massivində 4 nəfərin ölümüylə nəticələnən yol qəzası artıq məhkəmədə araşdırılır. Sərxoş vəziyyətdə bu qəzanı törətməkdə təqsirləndirilən Elşad Kəlbəliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oktyabrın 12-də hakim İlham Mahmudovun sədrliyilə keçirilən ilkin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, onun məhkəmədəki hüquq və vəzifələri izah olunub.

Elşad Kəlbəliyevin vəkili onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkəmənin çağırışlarına vaxtında gələcək, onun şahid və zərərçəkmişlərə təsir göstərmək niyyəti yoxdur.

Məhkəmədə o da məlum olub ki, qəza nəticəsində ölən şəxslərin yaxınlarıyla barışıq əldə olunub, onlar şikayətçi deyil.

Lakin məhkəmə Elşad Kəlbəliyevin həbsdən buraxılmasına razılıq verməyib. Onun işi üzrə məhkəmə baxışı oktyabrın 19-na təyin edilib.

Elşad Kəlbəliyev Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğludur. Onun özü də bu yaşayış kompleksinin satış müdiri olub.

Hadisə iyunun 14-də gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus “Range Rover” markalı, “10 CO 002” dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olan Ələsgər Əliyev isə xəsarət alıb.

Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Bu hadisə ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı “Range Rover”də sükan arxasında avtomobil sahibinin yox, başqa şəxsin olduğu iddia edilirdi. Bir müddət sonra isə həmin vaxt avtomobili Elşad Kəlbəliyevin özünün idarə etdiyi təsdiqləndi.

Elşad Kəlbəliyev 2010-2020-ci illərdə fəaliyyət göstərmiş “Əlincə” futbol klubunun da prezidenti olub.

Ana səhifəSosialQəzada 4 nəfərin ölümünə səbəb olmuş şəxsin məhkəməsi başlayıb