Milli Məclisə qanuna dəyişikliklə bağlı təklif verilib
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilib.
Milli Məclisə edilən təklifin müəllifi məlum deyil.
Layihədə qeyd olunur ki, “.az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir.
Digər tərəfdən, domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir.
Təklif kimi domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Həmçinin bildirilir ki, İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir.
Daha sonra domendə terroru, zorakılığı, qumar oyunlarını, milli, irqi, dini ayrı-seçkiliyi təbliğlə bağlı məsuliyyətdən danışılır.
Layihədə bildirilir ki, İnternet informasiya ehtiyatının və onun domen adının sahibi, host-provayder, həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin etməlidir.
Müvafiq icra hakimiyyəti İnternet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.
Hüquqşünas Ələsgər Məmmədli “Turan”-a açıqlamasında deyib ki, nəzərdə tutulan təklifləri son vaxtlar qeyri-peşəkarların qanunvericilik üzərinə getməsi kimi dəyərləndirir:
“Domen adını üç tərəf – dövlət, provayder, istifadəçi müəyyən edir. Amma son vaxtlar dövlət birtərəfli qaydada müdaxilə etməklə məhdudlaşdırıcı addmlar atır. Son vaxtlar İnternetlə bağlı qanunvericiliyə o qədər məhdudlaşdırıcı maddələr əlavə ediblər ki, Konstitusiyaya ziddiyyət təşkil edir”.
Hüquqşünas hesab edir ki, bunları ancaq normal işləyən Konstitusiya Məhkəməsi aradan qaldıra bilər. “Amma KM də elə fəaliyyət göstərmir” – ekspert vurğulayıb.