Qeyri-neft sektorunda kapital axını genişlənir

Foto: 13_Phunkod\shutterstock

2025-ci ilin ilk 9 ayında Azərbaycanın tədiyə balansının əsas sütunu olan cari əməliyyatlar hesabında 3 milyard dollar məbləğində profisit qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə cari əməliyyatlar profisiti 25 faiz və ya təxminən 1 milyard dollar azalıb.

Azərbaycan Mərkəzi Bankının 2025-ci il 9 ayı üzrə tədiyyə balansına dair bülletenine əsasən,  tədiyə balansının ümumi kəsiri 1,1 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari əməliyyatlar hesabı üzrə mövqenin zəiflədiyi müşahidə olunur. Belə ki, cari əməliyyatlar hesabı üzrə ölkəyə daxil olan vəsaitlər 27,6 milyard dollar, ölkədən çıxan vəsaitlər isə 24,6 milyard dollar təşkil edib.

AMB-nin statistikasının təhlili göstərir ki, cari əməliyyatlar hesabını (CƏH) əsasən xarici ticarət əməliyyatları xilas edir. Xarici ticarət balansının yaxşılaşması ümumi azalmanı qismən kompensasiya etsə də, xidmətlər və ilkin gəlirlər üzrə davamlı defisitlər yaranmaqdadır.

Cari əməliyyatlar balansının sektorlar üzrə bölgüsünə əsasən, əsas profisit neft-qaz sektorunun payına düşür. Bu sektor üzrə 10,7 milyard dollarlıq profisit formalaşdığı halda, qeyri-neft sektorunda 7,7 milyard dollar həcmində defisit qeydə alınıb. Bu fakt Azərbaycanın xarici iqtisadi mövqeyinin hələ də əsasən enerji sektorundan asılılıq səviyyəsini göstərir. Xüsusilə, hazırkı vəziyyətdə neft gəlirlərində müşahidə edilən azalma tendensiyası bir sıra çağırışları önə çıxarır. Qeyri-neft sektorunun ixrac potensialının artırılması və xidmətlər ixracının genişləndirilməsi istiqamətində ciddi addımlar atılmadığı təqdirdə, növbəti illərdə tədiyə balansı üzrə risklərin artması mümkündür.

Xidmətlər balansında dərin defisit

2025-ci ilin yanvar–sentyabr aylarında xarici ticarət balansında 5,6 milyard dollarlıq profisit yarandığı halda, xidmətlər balansı 1,36 milyard dollar məbləğində defisitlə bağlanıb. Xidmətlər balansındakı mənfi saldo əsasən xarici mütəxəssislərə, texniki xidmətlərə və tikinti layihələrinə edilən ödənişlərlə bağlıdır.

Xidmətlər balansında ən böyük mənfi saldo tikinti sektoru üzrə qeydə alınıb. Bu sahədə göstərilən xidmətlərdən əldə olunan gəlirlər cəmi 2,4 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə tikinti xidmətlərindən daxilolmalar 24,9 milyon dollar olub, yəni 10 dəfədən çox azalma müşahidə edilir. Tikinti xidmətləri üzrə ölkədən çıxan vəsaitin həcmi isə 1 milyard 104 milyon dollar təşkil edib. Nəticədə, bu sahə üzrə təxminən 1,1 milyard dollarlıq mənfi saldo yaranıb.

Bundan əlavə, emal və təmir xidmətləri, eləcə də digər işgüzar xidmətlər üzrə də ölkədən əhəmiyyətli həcmdə kapital axını müşahidə olunur.

Xalis turizm gəliri 10,9 faiz azalıb

Bununla yanaşı, cari ilin yanvar-sentyabr aylarında nəqliyyat xidmətləri üzrə 1,29 milyard dollar, turizm xidmətləri üzrə isə 320 milyon dollar müsbət saldo formalaşıb. Qeyri-neft sektoru çərçivəsində xüsusi əhəmiyyət verilən prioritet sahələrdən biri olan turizm xidmətləri üzrə daxil olan gəlirlərdə ötən illə müqayisədə azalma qeydə alınıb.

Aparılan təhlillər göstərir ki, 2025-ci ilin ilk 9 ayında turizm xidmətləri üzrə müsbət saldo qorunsa da, onun həcmi  müəyyən dərəcədə azalıb. Bu azalmanın əsas səbəbi şəxsi səfərlər üzrə daxilolmaların kəskin azalması və Azərbaycan rezidentlərinin xaricdə turizm xərclərinin artması ilə bağlıdır.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında turizm xidmətləri üzrə daxilolmalar 1,7 faiz və ya nominal ifadədə 26,9 milyon ABŞ dolları azalıb. Şəxsi səfərlər üzrə daxilolmalar ötən ilin eyni dövründə 1,2 milyard dollar olduğu halda, cari ildə 1 milyard dollara enib. Eyni zamanda, Azərbaycan rezidentlərinin xaricdə turizm məqsədilə xərcləri 1 faiz artaraq 1,2 milyard dollar təşkil edib.

Nəticə etibarilə, daxilolmaların azalması və ödənişlərin artması fonunda xalis turizm gəliri 10,9 faiz azalıb.

Kapital axını güclənir

2025-ci ilin yanvar-sentyabr aylarında ilkin gəlirlər balansında 1,7 milyard dollarlıq mənfi saldo qeydə alınıb. İlkin gəlirlər balansına əməkhaqqı gəlirləri, rezident və qeyri-rezidentlərin qazancı, eləcə də investisiya gəlirləri daxildir. Hesabat dövründə ilkin gəlirlər üzrə daxilolmalar 2,1 milyard dollar, xaricə ödənişlər isə 3,8 milyard dollar təşkil edib ki, bu da ölkədən əhəmiyyətli maliyyə axınına işarə edir.

Bu balans üzrə təhlillərdən aydın olur ki, ilin 9 ayında Azərbaycan rezidentlər və qeyri-rezidentlərin xaricə qoyduqları birbaşa investisiyalar 2,7 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına yatırılan xarici sərmayəli birbaşa investisiyalar isə 710,5 milyon dollar olub.

Doğrudur, ötən illə müqayisədə kapital axını ilə bağlı müəyyən irəliləyiş var. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ilkin gəlirlər üzrə defisit 13,9 faiz azaldılıb. Sektorlar üzrə struktur təhlili göstərir ki, əsas kapital axını neft-qaz sektorunda müşahidə olunur. Bu isə həmin sektorda fəaliyyət göstərən şirkətlərin xaricdə həyata keçirdiyi iri enerji layihələrinə yatırımlarla bağlıdır.

Ana səhifəXəbərlərQeyri-neft sektorunda kapital axını genişlənir