“Qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətindən 96-sı açılıb”

Source:

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətindən 96 hadisənin açılması təmin edilib.

APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov Baş Prokurorluqda bu gün keçirilən geniş əməliyyat müşavirəsində məlumat verib.

Baş prokurorun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Digər hüquq mühafizə orqanları ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin birinci yarısında qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9 faiz (2014-cü ilin müvafiq dövründə 88,4 faiz) təşkil edib.

Əməliyyat müşavirəsində, həmçinin hesabat dövründə qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirildiyi xüsusi vurğulanıb.

Ana səhifəXəbərlər“Qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətindən 96-sı açılıb”