”Qətllə nəticələnən əməliyyatlar araşdırılmalıdır”

Ərəstun Oruclu: ”Casusluqda suçlanan hərbçilərlə bağlı hesabat hazırlamışıq”

Source:


Ərəstun Oruclu: ”Casusluqda suçlanan hərbçilərlə bağlı hesabat hazırlamışıq”

Son iki ildə hüquq-mühafizə orqanlarının keçirilən əməliyyatlarla bağlı məlumatlarında ölüm faktları diqqət çəkir. Bu sırada 2016-2017-ci illərdə dini radikallara, hərbçilərə qarşı keçirilən əməliyyatları xatırlatmaq yetər.


Müəmmalı ölümlər

Rəsmi məlumatlara nəzər yetirək, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 2016-cı ilin 26-27 oktyabr tarixlərində keçirdiyi əməliyyat nəticəsində A.Quliyev və F.Rüstəmov öldürülüb. Elə həmin ilin noyabrın 25-də DTX-nin Xaçmaz rayonunda keçirdiyi əməliyyatla 1974-cü il təvəllüdlü Ramiq Rəhimov zərərsizləşdirilib. Bu il avqustun 27-də terror təşkilatına qoşulmaqda şübhəli bilinən Azərbaycan vətəndaşı

Yaşar Oktay oğlu Cavadov

 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı öldürülüb.

Yenə bu il 25 oktyabrda Lökbatan qəsəbəsində Bəxtiyar Ələkbərov, “Əbu-Yunis” ləqəbli Anar Məsimli  və “Əbu-Vəqqas” ləqəbli Cavid Hüseynli öldürülüb.

Xüsusilə MTN-nin orduda

casus

əməliyyatı rezonans doğurdu, burda hərbçilərin müəmmalı ölümü və onların bəzilərinin ailələrindən xəbərsiz dəfni diqqətdən kənar qalmadı.

Konkret olaraq, bu il mayın 18-də müddətdən artıq hərbi xidmət keçmiş Tərtər sakini

Elçin Quliyevin

 cəsədi ailəsinə təhvil verilib. Ancaq ailəsinə onun ölümünün səbəbi açıqlanmayıb. İki gün sonra erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanan daha bir hərbçi,

leytenant Təmkin Nizamioğlu

da Ordubadın Darkənd kəndində dəfn edilib. Kənd sakinlərinin deməsinə görə, 1993-cü il doğumlu, leytenant Təmkin Nizamioğlu kəndə dəmir tabutla gətirib, ailəsindən xəbərsiz dəfn edilib. Mayın 25-də Ucarın Şahlıq kəndinin sakini, 1985-ci il doğumlu

Elçin Qulu oğlu Mirzəliyev

naməlum şəraitdə öldürülüb, onun meyidini hərbçilər kəndə gətirdilər və yaxınlarının iştirakı olmadan, gizli dəfn etdilər. Ölümü ilə bağlı hər hansı bir açıqlama verməyiblər.

Nəhayət, noyabrın 1-də polislə atışmada  “Qoca” ləqəbli Etibar Məmmədov

öldürülüb

. E.Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqondan qaçmışdı.

Agent əməliyyatda öldürülüb

Meydan TV hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlarla bağlı ölüm hallarının intensiv xarakter almasının səbəbləri barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya müraciət edib.

Ərəstun Oruclu xatırladıb ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu vaxtlarda da bir neçə dini radikal öldürülmüşdü:

“Hələ o zaman bu məlumatları araşdıranda məlum oldu ki, Bakıda radikal dindarların toplantısında güllənən insanların arasında Milli Təhlükısizlik Nazirliyinin uzun müddət agenti olmuş bir dindar da qətlə yetirilib. Ən maraqlısı odur ki, xüsusi təyinatlılar hadisə yerində əməliyyat keçirəndə məhz həmin agenti öldürmüşdülər. Agentin özü də silahlı olmuşdu. Əməliyyatı MTN-nin Antiterror Mərkəzi keçirmişdi. Məsələ onda idi ki, həmin adamın əli ilə ciddi işlər görüldüyündən, o, şahid kimi məhv edilmişdi. Bu gün artıq heç kəsə sirr deyil ki, bir sıra hallarda MTN-nin qurumları, konkret olaraq Antiterror Mərkəzi ən kriminal, ən çirkin işlərlə məşğul olub. Çox ümid edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) keçmiş MTN-nin həmin ənənələrini bu gün davam etdirmir. Amma digər tərəfdən də, təəssüflə qeyd etməliyəm ki, keçmiş MTN tərəfindən müxtəlif cinayətlərə cəlb olunmuş köhnə, ifşa olunmuş agentura şəbəkəsi hələ də iş başındadır, DTX da onların bir çoxu ilə aktiv şəkildə işləyir. Mən, ilk növbədə, ictimai-siyasi sektorda agentura şəbəkəsini nəzərdə tuturam. Halbuki, ifşa olunmuş şəbəkə ilə işləmək qeyri-mümkündür, digər tərəfdən də, həmin şəbəkə keçmiş MTN rəhbərliyi tərəfindən müxtəlif cinayətkar əməllərə cəlb olunub”.

İki şübhəli məqam diqqət çəkir

Ekspert hesab edir ki, hüquq-mühafizə orqanlarının vaxtilə və indi keçirilən qətllərlə nəticələnən əməliyyatlarının hər biri detallı araşdırılmalıdır: “Çünki dövlət orqanlarının kimisə qətlə yetirməsi, fərqi yoxdur, onlar cinayət törədiblər, ya yox, özü ciddi araşdırma və təhlil predmeti olmalıdır. Amma son bir neçə ayda DTX və polis tərəfindən belə qətllər törədilib və onların qərəzsiz araşdırılması inandırıcı deyil.

Son hadisə “Qoca” ləqəbli Etibar Məmmədovun  və dostlarının öldürülməsi idi. Bu hadisənin özündə də şəffaflıq olmadığından çoxlu sual ortaya çıxır. Birinci sual odur ki, doğrudanmı Etibar Məmmədov və ətrafındakılar polisə silahlı müqavimət göstərib? İkinci, onları qətlə yetirmək vacib idimi, nə idi onların günahı? Yaxud DTX-nin iddia elədiyi kimi, Lökbatan qəsəbəsində radikal dindarlara qarşı keçirdiyi əməliyyat. Yenə sual yaranır, onları başqa cür zərərsizləşdirmək mümkün deyildimi? Əgər söhbət qətlə yetirmək mərhələsinə çıxırsa, deməli, iki şübhəlı məqam diqqəti çəkir: birinci, onlar məqsədli öldürülüblər və ikinci, əməliyyat qeyri-peşəkar hazırlanıb və həyata keçirilib. Əgər məqsəd öldürməkdirsə, xüsusi təyinatlılara və əməliyyat qrupuna nə ehtiyac var? Elə hamını öldürüb, məsələni qapasınlar”.

Ölkə böhrana doğru gedir

Ə.Oruclu düşünür ki, son vaxtlar əməliyyatların məhz bu şəkildə bitməsi ölkədəki ictimai-siyasi və sosial-iqtisadi durumla bağlıdır:

“Ölkə sürətlə böhrana doğru gedir. İlk növbədə də, sosial-iqtisadi böhrandır. Ona görə İlham Əliyevin müşavirələrdə iş yerlərinin sayı, gələn il guya iqtisadi yüksəliş olacağı barədə dediklərinin heç bir ciddi əsası yoxdur. Ölkə rəhbərliyinin ictimaiyyətə danışdıqları hər zaman yalan olub və bu gün də həmin yalanları danışmaqda davam edirlər. Bunların yalan olduğunu görmək üçün isə beynəlxalq hesabatlara nəzər yetirmək kifayətdir. Məsələn, hakimiyyətə həmişə isti münasibətilə seçilən Beynəlxalq Valyuta Fondu hesabatında göstərir ki, 2018-ci ildə Azərbaycanda iqtisadi artım ən yaxşı halda mənfi 1 faiz olacaq. Mənfi 1 olanda hansı iqtisadi yüksəlişdən söhbət gedir?! Əgər sosial-iqtisadi vəziyyət ağırlaşırsa, bu, kriminogen duruma birmənalı təsir edir. Yoxsulluğun törətdiyi fəsadlardan biri də cinayətkarlığın artmasıdır. Bundan başqa, yoxsulluq cəmiyyətdə etiraz notlarının ən müxtəlif şəkillərdə artma ehtimallarını yaradır. Deməli, hakimiyyət də düşünür ki, bunu nəzərə alaraq qətiyyət göstərmək lazımdır və bu, dırnaqarası qətiyyət olmamalıdır. Xalqa hüquq-mühafizə orqanlarının hər gün adam öldürdüyünü göstərmək lazımdır. Hüquq-mühafizə orqanlarını qana batırmaq lazımdır ki, sabah onlara hər hansı tapşırıq verilsə, yenə həmin addımı atmaqdan başqa seçimləri qalmasın. Xalqa göstərmək istəyirlər ki, hakimiyyətlərini qorumaq yolunda heç nədən çəkinən deyillər. Bununla da cəmiyyətdə xof yaratmaq istəyirlər. Yəni insanlar görsünlər ki, söhbət artıq şərləyib həbs etməkdən, cibə narkotik atıb tutmaqdan yox, öldürməkdən gedir. Bu mənada bu gün Azərbaycanda baş verən hadisələr Suriyanın müharibə ərəfəsində yaşadıqları ilə tam üst-üstə düşür. Məmur azğınlığının artması, hakimiyyətin idarəçilik addımlarının çərçivədən çıxması, özbaşınalıq, əhalinin talanması və iqtisadi depressiya… Beləliklə, hakimiyyət orqanlarının özünü qətiyyətli göstərmək istəyi etirazçılara qarşı qətllər həyata keçirmək şəklində ifadə edilir. Hazırda cəmiyyətdə heç bir etiraz yoxdur, müxalifətin səsi eşidilmir, hətta bəziləri bir sıra halda hakimiyyətin törətdiyi əməllərə dolayısı ilə az qala bəraət qazandırırlar. Ümid edirəm ki, bunu bilməyərəkdən, məlumatsızlıqdan edirlər”.

Çox ciddi məlumatlar əldə etmişik

Ekspert may ayında çoxsaylı hərbçinin həbs olunması faktına da toxunub:

“50-yə yaxın hərbçi erməni kəşfiyyatına işləməkdə suçlanır, kiçik rəqəm deyil, amma bu barədə iki rəsmi açıqlama verilib. Halbuki, həbs olunmuş hərbçilərdən ən azı 7-si dövlət orqanları tərəfindən öldürülüb, amma həbs olunanların  kimliyi, öldürülənlərin nə üçün qətlə yetirildiyi barədə heç bir açıqlama olmadı. Yalnız Meydan TV-nin saytında xəbərlərə rast gəldik. Hazırda mərkəzimiz bu məsələni araşdırır, çox ciddi informasiyalar əldə etmişik. İlkin məlumatlara əsasən, həbs olunan və öldürülən hərbçilər hakimiyyət orqanlarında rəhbər vəzifələr tutan şəxslərin müəyyən cinayətlərinin qeyri-iradi iştirakçısı və şahidi olublar. Söhbət çox ciddi transmilli cinayətkar şəbəkənin törətdiyi cinayətdən gedir. Görünür, elə bunu bildiklərindən də bir sıra nazirliklərin rəhbərləri həbslərlə əlaqədar ilkin bəyanatları özləri imzalamayıblar, müavinlərinə imzaladıblar. Məsələn, Mədət Quliyev, Ramil Usubov və Zakir Qaralov həmin sənədə imza atmamışdılar, müavinləri imzalamışdı. Bir daha deyirəm, bizdə olan və etimad doğuran məlumata əsasən, hər kəs hansı cinayətdən söhbətin getdiyini yaxşı bilir. Məsələ bundadır ki, hərbçilər Hərbi Prokurorluğun əməliyyat məlumatları əsasında həbs edilib. Sual olunur ki, Hərbi Prokurorluq nə vaxtdan əməliyyat orqanı olub, bu qədər casus barədə məlumatları necə və hardan əldə edib və ümumiyyətlə, bu qurumun belə imkanları varmı? Xeyr, Hərbi Prokurorluğun belə imkanı yoxdur və ola da bilməz! Sadəcə, məqsəd hərbi prokuror Xanlar Vəliyevin də daxil olduğu hakimiyyətdaxili qruplaşmanın əməllərini ört-basdır etməkdən ibarətdir, elə buna görə də şahidlər fiziki məhv edilir. Bu, Azərbaycan Ordusuna, dövlətə və millətə qarşı yönəlmiş ağır cinayətdir. Şəxsən mənim hərbçilərin cinayətkarlar tərəfindən bu cür amansızlıqla qətlə yetirilməsinə göz yummaq fikrim yoxdur. Ona görə də aylarla bu cinayətlə bağlı ətraflı hesabat hazırlamışıq və yaxın zamanlarda onu dərc edəcəyik. Qoy, millət onun ordusuna, övladlarına qarşı bu amansız cinayətləri törədənlərin kimlər olduğunu görsün. Bu məsələdə ən dərin təəssüf doğuran məqamlardan biri də budur ki, ordu rəhbərliyi də bu qanlı cinayətə bulaşdırılıb, halbuki, məhz ordu rəhbərliyi millətə qarşı cinayətlər törədənlərdən hesabat sormalı idi”.

Ana səhifəXəbərlər”Qətllə nəticələnən əməliyyatlar araşdırılmalıdır”