Qətlə yetirilmiş jurnalistin ailəsi istintaqdan narazıdır

“Bu insanların qəsdən Rasimə ağır zərbələr endirdiyini güman etmək üçün əsas var. Yəni həyata qəsdin bütün əlamətləri var”

Source:


“Bu insanların qəsdən Rasimə ağır zərbələr endirdiyini güman etmək üçün əsas var. Yəni həyata qəsdin bütün əlamətləri var”

Qətlə yetirilmiş jurnalist Rasim Əliyevin ailəsinin maraqlarını vəkil Əsabəli Mustafayev təmsil edəcək.

Sentyabrın 2-də vəkil prokurorluğun bu işi aparan müstəntiqi ilə görüşüb.

Vəkil “Turan İA”-a müsahibəsində bildirib ki, jurnalistin ailəsi istintaqın gedişindən narazıdır.

Ailə qisas almaq, mümkün qədər çox insanın məsuliyyətə cəlb edilməsini deyil, obyektiv araşdırma və ədalət istəyir.

“Əliyevin doğmaları, ilk növbədə, cinayət işinin ağır bədən xəsarətləri yetirilməsi (126.3-cü maddə) kimi tövsif edilməsi ilə razı deyil. Bu cinayətdə qətl əlamətləri var.

Rasimi döymək istəsələr, bunun üçün 1-2 nəfər kifayət idi. Tutaq ki, onlar Rasimi tanımırdılar və fiziki cəhətdən güclü insan olduğunu düşünürdülər. Amma onlar onu gördükdə 5-6 nəfərin hücumunun və amansızca döyməsinin Rasimin ölümünə gətirib çıxaracağını dərk etməli idilər. Buna görə bu insanların qəsdən Rasimə ağır zərbələr endirdiyini güman etmək üçün əsas var. Yəni həyata qəsdin bütün əlamətləri var”, deyə Mustafayev bildirib.

Əliyevin doğmaları futbolçu Cavid Hüseynova qarşı irəli sürülmüş ittihamla – məlum cinayət haqqında məlumat verməmək ittihamı ilə razı deyillər.

Futbolçunun cinayətin təşkilatçısı olduğunu hesab etmək üçün hər cür əsas var. Məhz o, Rasimi israrla “çay içməyə” dəvət edirdi.

Bundan başqa, Cavid bu insanların yaşca ən böyüyü və nüfuzlusu idi.

Əliyevin doğmaları KİV-də guya Cavid Hüseynovun təqsirsiz olması, ona qarşı ifadə olmaması haqqında fikrin təbliğindən, guya jurnalistin doğmalarının barışığa razı olması haqqında yanlış məlumatların yayılmasından narazıdır.

Əliyevin ailəsi həmçinin jurnalistə lazımi tibbi yardım göstərməyən həkimlərin əməllərinin də obyektiv araşdırılmasını tələb edir.

Vəkil fəaliyyətə yeni başlayıb və yaxın günlərdə öz mövqeyini daha ətraflı bildirəcək.


* ANN.az saytının müxbiri Rasim Əliyev avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Jurnalist ağır travmalarla 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, bir gün sonra orada dünyasını dəyişib.

Ana səhifəXəbərlərQətlə yetirilmiş jurnalistin ailəsi istintaqdan narazıdır