Şübhəli şəxs azyaşlını öldürdüyünü etiraf edib
Gürcüstanda azərbaycan əsilli 14 yaşlı qızı öldürməkdə təqsirli bilinən 27 yaşlı şəxs həbs edilib. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Saxlanılan Asim Aslanov qəsdən adam öldürmə və qanunsuz silah gəzdirmə maddələri ilə ittiham edilir.
Oktyabrın 11-də onun məhkəməsi baş tutub.
“Qətlin qəsdən olduğunu qəbul etmirəm, peşmanam, ancaq bu qəsdən olmayıb”, – Asim Aslanov məhkəmədə deyib.
O, hakimə sübut etməyə çalışıb ki, qeydiyyatı olan silahın pnevmatik olduğunu düşünüb və ancaq qurbanı qorxutmaq istəyirmiş.
“Gündəlik Gürcüstan” “Facebook” səhifəsi yazır ki, Asim Aslanov bir-birinə zidd ifadələr verib:
“Əvvəl atdan yıxılmışam və baş nahiyəmdən travma almışam, bu cinayəti törədərkən də özümdə olmamışam”;
“Öldürdüyümü bilmirdim, saxlanıldığım gün bunu atamdan eşitdim. Mənim arvadım azyaşlı deyildi, anası demişdi ki, o 18 yaşındadır”.
Rəsmi məlumatda onun hadisədən sonra meşədə gizlənməsi, sonra isə ölkədən çıxmağa cəhd göstərməsi, saxlanılarkən hüquq-mühafizə işcilərinə müqavimət də göstərməsi qeyd edilsə də, Asim Aslanov məhkəmədə polisə özünün təslim olduğunu bildirib.
Onunla bağlı istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Mövcud məlumata görə, 14 yaşlı qız məcburi və erkən nikahın qurbanı olub. Həmçinin məcburi nikah faktı üzrə də istintaq işi açılıb.
Öldürülən qızın anası deyir ki, qızı evliliyə qarşı olub, lakin zorla qaçırılıb. Ana bildirib ki, qızı dəfələrlə qaçmağa cəhd edib, elə qətl də növbəti qaçış cəhdi zamanı baş verib.
Qətlə yetirilən 14 yaşlı qızın anası və dayısı barəsində zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
Hökmü hakim Madonna Maisuradze çıxarıb.
Gürcüstanda yaşayan Azərbaycan əsilli vətəndaşlar arasında erkən və məcburi nikah məsələləri daim gündəmdir. Tez-tez sosial şəbəkələrdə azyaşlıların nigaha girməsi, nişanı ilə bağlı məlumatlar paylaşılır.