Qətlə yetirilən yazıçının xanımı : Dövlətimizdən şübhələnirəm


Ən sevdiyiniz söz hansıdır? – Öldürmə!


Nifrət etdiyiniz söz hansıdır? – Öldür!

(Yazıçı Rafiq Tağının abzas.net saytına müsahibəsindən )

“Düz o ağacın yanında, binanın yanında vurmuşdu. (Pəncərədən baxaraq əli ilə göstərir) Oradan yavaş-yavaş evə gəlmişdi”- qətlə yetirilən yazıçı Rafiq Tağının xanımı Mailə Tağıyeva 2011-ci ilin 23 noyabrında xəstəxanada can verən yoldaşının bıçaqlanmasından danışır. Həmin gün yazıçının əlində olan portfelə də bıçaq zərbələri dəyib. Mailə xanım əli ilə həmin yerləri göstərərək deyir ki, “Cavan uşaq Rafiqə kitabını vermişdi ki, oxusun rəyini bildirsin. Həmin uşağın kitabı orada olduğuna görə qatil bıçaq vuranda ki, ürəyinə dəysin o kitab onu qoruyub. O kitab olmasaydı, elə oradaca rəhmətə gedərdi”.

Mailə xanımla  yazıçı-jurnalist Rafiq Tağının bir neçə saatını ayırdığı iş otağında söhbətləşirik. Yazıçının hekayələrini yazdığı kompyüteri açılmır, oxuduğu kitabların yeri belə dəyişdirilmir, ondan yadigar qalan həkimlik vəsiqəsi, qeyd dəftərçəsi və telefonu  stolun üstündədir. Rafiq Tağının yoxluğundan 5 il keçib. Mailə xanım indi soyuq başla həmin günləri təhlil edir: “Açıq deyirəm, heç qorxmadan, mən dövlətimizdən şübhələnirəm. Çünki sözün düzün deyən adam idi. Yalanla, oğruluqla işi yox idi. Onda ancaq düzlük idi. Bu adamda yalan danışmaq, yalan yazmaq yox idi. Nəyi yazırdısa, düzgün yazırdı. Ona görə də onun yeri olmadı. Düz sözünə görə onu aradan götürdülər”.

Elçin Sadıqov yazıçının vəkili olub. Rafiq Tağının bıçaqlanmasından sonra  “qəsdən adam öldürmə” maddəsi ilə başlanılan cinayət işinin istintaqı dayandırılıb.  Vəkil hesab edir ki, bu cinayət yüz faiz açıla bilərdi, amma açılmadı.”Rafiq Tağının hərəkət trayektoriyası üzrə 43 müşahidə kamerası var idi. İstintaq həmin müşahidə kameralarını müxtəlif bəhanələrlə gizlətməyə çalışdı. İstintaq səmərəli araşdırma aparmadı. Bunun nəticəsi olaraq qatili müəyyən etmək mümkün olmadı. Hazırda cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən dayandırılıb. Biz işin dayandırılması ilə bağlı məhkəməyə şikayət etmişik. Məhkəmələr şikayətimizi təmin eləməyib. Hazırda Rafiq Tağının öldürülməsi ilə bağlı iş Avropa Məhkəməsindədir”.

 Mailə xanım deyir ki, Rafiq Tağıya xəstəxanada vurulan sonuncu iynədən şübhələnir. Həmin iynəni xəstəlik tarixçəsinə yazmayıblar və o iynəni vuran tibb bacısını əvvəl görməyiblər. “Yoldaşım özü də həkim adam idi. Həmişə  iynə vurulanda baxırmış. Bilirmiş ki, hansı iynə vurulub. Amma axırıncı iynədə yoldaşıma heç nə deməmiş otaqda hazır vəziyyətdə gətirib vurublar. Həmişə otaqda hazırlayıb yoldaşıma iynə vururmuşlar. Amma o tibb bacısın da heç kim tanımayıb”.

Rafiq Tağı  dinlə bağlı, həm də hakimiyyət nümayəndələrini kəskin tənqid edən yazıları ilə seçilirdi. Şair-publisist Elnur Astanbəyli yazıçının ölümündən sonra “Rafiq Tağı mükafatı”na layiq görülüb. O deyir ki, qələm adamının qətli yaradıcı insanların nə vaxtsa qurban ediləcəyinə güman yaradır. Və bu xofla azad söz yazmaq mümkünsüz olur. “Rafiq Tağının qanı batırılırsa, bu, artıq Azərbaycanda  yazarın, qələm adamının qanı halaldır anlamına gəlir. Bu, çox təhlükəlidir. Çox təəssüf ki, Rafiq Tağının ölümü ilə bağlı cinayət işinin bağlanması çox səssiz-küysüz baş verdi. Buna bir təpki olmadı”.

Atasının sağlığında onu kəskin yazılardan çəkindirib qorumağa çalışan qızı Qəmər indi fərqli düşünür. O deyir ki, sözünü çəkinmədən yazdığına görə atası ilə fəxr edir. ” O vaxt ata həbsxanaya düşəndən sonra arad çay bəhanəsi ilə gəlib yoxlayırdım ki, görüm neyləyir?Bilirəm, azad sözə üstünlük verən insandır. Onu heç cür tutdurmaq mümkün olmayacaqdı, bunu bilirdim. Amma yenə də, haradasa təkrar eyni şeyləri yaşamaq istəmirdim. Adam sevdiyinə görə həmişə narahat olur axı… İndi onun yazdığı bütün yazıları ilə, fikirləri, düşüncələri, özü ilə fəxr edirəm. Yaxşı ki, azad sözünü deyib”.

Rafiq Tağının anası hələ də oğlunun bıçaqlanaraq həlak olduğunu bilmir. Ailə üzvləri hər dəfə bir bəhanə ilə onun xarici ölkəyə getdiyini deyirlər. “Həmişə bizdən soruşur ki, Rafiq gəlmədi? Ölüb-eləyərəm Rafiqi görmərəm.  Həmişə deyir, Rafiq gəlsəydi, görərdim, sonra ölərdim. Nə vaxt gələcək? Nə deyək, qalmışıq belə…”

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi 2013-cü ildə yaydıqları məlumatda  Rafiq Tağını müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktların  aşkarlanmadığını bildirib. Məhkəmə-Tibbi Ekspertizasının nəticələrinə görə ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər olub. Amma ailə bununla razılaşmır. Onların tək istəyi Rafiq Tağını öldürən şəxsin tapılmasıdır. “Mən heç nə istəmirəm, ancaq deyirəm ki, bircə onun qatili tapılsın, bilək ki, o kimdir. İnan, ürəyim partlayır. Qatil tapılmır, mənim ürəyim partlayır”.

Yazıçı Azadlıq Radiosuna verdiyi müsahibədə onu tənqidi yazılardan heç nəyin çəkindirmək gücündə olmadığını deyirdi. O, dayanması üçün ölməyinin lazım olduğunu önə çəkirdi:

“Nə vaxt yazmayacaqsınız?

– Mən ancaq dünyadan köçəndə yəqin yazmayacam.(gülür) ”


Necə ölmək istəyərdiniz?


 Rafiq Tağı: Qəhrəmancasına ölməyə əlim çatmadı… Qəfləti ölümə güman edirəm.

(Yazıçı Rafiq Tağının abzas.net saytına müsahibəsindən )

Ana səhifəVideoQətlə yetirilən yazıçının xanımı : Dövlətimizdən şübhələnirəm