Qətldə təqsirləndirilən hakimin məhkəməsi başladı

Fəqan Əhmədov məhkəmədə şüşə kabinə salınmayıb

Source: Məhkəmə


Fəqan Əhmədov məhkəmədə şüşə kabinə salınmayıb

Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun özünün mühakiməsi başlayıb. Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hakimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Avqustun 19-da məhkəmənin hazırlıq iclasında məlum olub ki, zərərçəkmiş tərəf məhkəməyə gəlməyib. Buna baxmayaraq, hazırlıq iclası keçirilib.

Anket məlumatları dəqiqləşdirilərkən Fəqan Məmmədov bildirib ki, himayəsində üç övladı var, onların ikisi azyaşlıdır, biri isə 14 yaşlı yeniyetmədir.

Fəqan Əhmədovun iki vəkili var, Zaur İbadov və Səməd Əliyev. Nə təqsirləndirilən hakimin özü, nə də vəkilləri onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Yeri gəlmişkən, başqa dustaqlardan fərqli olaraq, təqsirləndirilən hakim məhkəmə zalına aparılıb-gətiriləndə onun əlləri qandallanmayıb. Məhkəmə zalında da Fəqan Əhmədov şüşə kabinədə saxlanmayıb, onun açıq şəkildə zalda əyləşməsinə icazə verilib.

Fəqan Əhmədovun işi üzrə məhkəmə baxışı avqustun 26-na təyin edilib.

Hadisə mayın 30-da axşam saat 23 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində, Ləhiş bağları adlanan ərazidəki evlərdən birində baş verib. Məlumata görə, üç övladı olan ailə yeni tikdirdiyi o evə yeni köçübmüş.

Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı özünə məxsus ov tüfəngindən açılan atəş nəticəsində öldürdüyü iddia olunur. Məlumata görə, o, istintaqa ifadəsində odlu silahdan güllənin ehtiyatsızlıq nəticəsində açıldığını deyib.

Hadisə ilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq idarəsində həvalə olunub.

1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hakimlikdən əvvəl üç il Xətai Rayon Məhkəməsində böyük məsləhətçi işləyib. Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub. Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb. Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib. O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.

Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub. AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.

Ana səhifəXəbərlərQətldə təqsirləndirilən hakimin məhkəməsi başladı