Qətl, gəlir və mədəniyyət

Azərbaycanla Misir arasında oxşar cəhətlər çoxdur

Source: Meydan.tv


Azərbaycanla Misir arasında oxşar cəhətlər çoxdur

Mədəni və barbar ölkələr, xalqlar barəsində daha heç vaxt yazmayacağam. Mədəni ölkə və xalq yoxdur, Kürreyi-Ərzdə yaşayanların hamısı, daha dəqiq desək, hamımız barbarıq. İstənilən ölkənin və xalqın adını mədənilər sırasında çəksəniz, həmin an həmin ölkənin və xalqın tarix boyu törətdiyi vəhşiliklər barəsində yazılı arayış təqdim etməyə hazıram.

Nisbətən barbar və nisbətən mədəni ölkə və xalqlar var, lakin şəraitdən asılı olaraq onlar asanlıqla yerlərini dəyişə bilirlər. Özlərini mədəni sayan xalqlar və ölkələr cahan müharibələrinə başlayıb o qədər insan qıra biliblər ki, məzlum və biçarə “imkansız” xalq və ölkələrə bu sayda insan qırmaq üçün heç min il bəs etməz.

Bəli, Misirin 5 min illik tarixində ilk və yeganə demokratik seçilmiş prezidenti Muhamməd Mursi məhkəmə şəbədəsi zamanı salındığı qəfəsdə bağıraraq yıxıldı və keçindi. Misrin rəsmi qurumları bu ölümü təbii səbəblərlə bağlayıb dedilər ki, mərhumun bədənində heç bir zorakılıq əlamətləri aşkar edilməmişdir.

Qərbin insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir neçə təşkilatı xala xətrin qalmasın ruhunda məzəmmətli bəyanat verdilər. Dairə qapandı. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında mərhum Mursini haqq naminə şəhid adlandırdı. Bu şəhidin qətli ilə Misir öz tarixində bir dövrü qapatdı. Bundan sonra bu ölkədə hansısa tərəqqi və inkişaf barədə danışmaq mənasız çərənləməyə bərabər olacaq.

Tərəqqi və inkişafı gerçəkləşdirən ictimai qüvvə Misirdə yoxdur.

Bəs nə var? Ölkəni yağmalamaq, milli sərvəti basıb yemək ehtirası ilə qovrulan mütəşəkkil və xalqdan qat-qat güclü olan ordu var. Bu ordu 30 il prezident kürsüsündə əyləşmiş Hüsni Mübarəki səhnə arxasında gizlənərək ət-Təhrir meydanına yığılmış kütlənin əli ilə devirmişdi, bu ordu bir ildən sonra cahil liberal gəncləri Mursiyə qarşı qaldırmışdı və çevriliş yolu ilə əlindən çıxan Misir adlı qəniməti yenidən əlinə keçirmişdi.

Siz nə vaxtsa haradasa qənimət adlanan və sayılan ölkənin və xalqın tərəqqisi və inkişafı barəsində eşitmisiniz? Mən yox, eşitməmişəm. Qənimətin mənimsənilməsi, tarmar və viranə edilməsi, amansız istismarı barəsində oxumuşam və görmüşəm, başqa halət görməmişəm.

Əminəm ki, Misirin başına gələnlər tam qanunauyğun hadisələrdir. Bu ölkə və xalq 1952-ci ildən bəri ordunun əlindədir, prezident-“rayyis” vəzifəsinə yalnız ordu zabitləri “seçilmişlər” və insafından asılı olaraq hər bir “rayyis” Misiri istədiyi kmi idarə etmişdir. Bu dövrdə Misir ordusu ölkənin apardığı bütün müharibələri biabırcasına uduzsa da, ölkənin hamisi və dövlətin dayağı adını cəmiyyətə sırıya bilmişdir. Bu ada başqa qüvvələrin iddia edə bilməməsi üçün vətəndaş cəmiyyətini və siyasi partiyaları, siyasi liderləri taraşlayıb xıncım-xıncım etmişdir.

Misir xalqı bu qismətə razılaşmayıb ölkə üçün fərqli yollar aramağa çalışmışdır. Sovetpərəst sollar, Qərbpərəst liberallar, şəriətpərəst dindarlar Misri düşündükləri tərzdə islah etmək məqsədilə xalqa üz tutmuşlar, lakin həm solları, həm liberalları, həm dindarları özlərinə millətçiliyi rəsmi ideologiya seçmiş ordu əzərək səhnədən çıxarmışdır. Sonuncu vurulanlar müsəlman qardaşları təşkilatı oldu ki, məhkəmə zalında bağrı çatlayan Muhamməd Mursi onların nakam rəmzi oldu.

Ordu millət adı ilə büdcəni talan edir, millət naminə fərqli düşünən və bu total qarətə etiraz edənləri əzib susdurur. Millət sözü sehrli “sim-sim” kimi bütün bəd əməllərə və cinayətlərə qanuni don geydirir.

Düzdür, ölkə daxilində, daha doğrusu, ordu daxilində müəyyən siyasi rəqabət gedir, lakin buna sevinmək lazım deyil, söhbət “bu ölkəni kim basıb yeməlidir” sualına dəqiq və ünvanlı cavabdan gedir. Qazandan uzaq duran generallar qazana yavuq düşmək istəyirlər.

“Niyə belə oldu” sualının cavabını Misir xalqının tarixi qismətində deyil, bu xalqın siyasi mədəniyyətində axtarmaq lazımdır. İnsanda siyasi mədəniyyəti tərbiyə edir ailə, məhəllə, məktəb, məscid və ictimai fikir. Onların tərbiyə etdiyi misirli cəmiyyətə və dünyaya baxıb, baxıb, sonda… əli avtomatlı əsgərlərə əmr verən ordu generalına itaət edir. Zira nə həqiqi həmkarlar ittifaqlarını, nə siyasi partiyaları, nə dayanıqlı vətəndaş cəmiyyəti özəklərini yarada bilmişdir, daha döğrusu, xalq yaratmışdır, ordu dağıtmışdır. Bu yarat-dağıt yarışında ordu daha zirək çıxmışdır.

Uzaq Misir barədə yazmağımın Azərbaycanla bilavasitə əlaqəsi var. Oxşar cəhətlər çoxdur. Müharibədə məğlubiyyət, millət adıyla möhtəkirlik, hakim siyasi sinfin ölkəni talan etməsi, bu talanı əbədiləşdirmək məqsədilə xalqın düşünən və qeyrətli hissəsinə qarşı apardığı səlib müharibələri, dövlətçilik bəhanəsilə öz istibdadını sərtləşdirməsi, qarət və talan hüququnun xaricdə qəbul edilməsi xatirinə əcnəbi ağalara nökərçilik, milli mənafenin satılması, yaltaqlıq, yalan və riyanın milli dəyər kimi cəmiyyətə sırınması, saxta müxalifətin bəslənməsi, həqiqi müxalifətin şərlənməsi və damlanması, işgəncə və iftira siyasətinin rəsmi səviyyədə dəstəklənməsi, məhkəmə və vəkillik sisteminin yaltaq və satqın ünsürlərlə doldurulması, vətəndaşların xaricə axınına yandırılan yaşıl işıq – bütün bunlar Misiri və Azərbaycanı eyniləşdirir.

Bütün bunlara baxıb düşünürəm ki, prezident Hüsni Mübarəkə Xırdalanda ucaldılmış heykəlin uçurulmasında bizim tərəf lüzumsuz tələskənliyə yol vermişdir.

Uzağı, heykəlin bədənini saxlayıb başını Əbdü-l-Fəttah əs-Sisinin başına dəyişmək olardı. Mahiyyət dəyişməyəcəkdi, əvəzində bir qardaş avtoritar dövlətlə əlaqələrimiz daha isti və mehriban olacaqdı.

Ana səhifəXəbərlərQətl, gəlir və mədəniyyət