”Qəsəbələrdə yaşayanlara üçüncü sort insanlar kimi baxırlar”

Mingəçevirin Az-Dress qəsəbəsinin sakinləri sosial problemlərindən danışırlar

Source:
Mingəçevirdə avtobus reydi, arxiv foto
Mingəçevirdə avtobus reydi, arxiv foto


Mingəçevirin Az-Dress qəsəbəsinin sakinləri sosial problemlərindən danışırlar

“Burda nəqliyyatla bağlı durum acınacaqlıdır. Baxmayaraq ki, hər yerdə iri avtobuslar xəttə buraxılıb, bizim qəsəbədə hələ də kiçiktutumlu nəqliyyat vasitələri xidmət göstərir. Xidmət də bərbad… Az sayda iri avtobuslar var, onlar da istismar müddətini çoxdan başa vurub. Günün bütün saatlarında avtobusların qapılarından sallanıb gedən sərnişinlər görə bilərsiz”.

İşə, məktəbə gedənlər yarı yolda qalır

Mingəçevirin mərkəzindən 6 kilometr aralıda yerləşən Az-Dress qəsəbəsinin sakinləri Meydan TV-yə qəsəbədəki sosial problemlərdən danışırlar. Qəsəbənin ən vacib problemlərindən biri ictimai nəqliyyat və dayanacaqlarla bağlıdır. Üstəlik, ictimai nəqliyyatın cədvəl üzrə hərəkət etməməsi səhər işə, məktəbə gedənləri yarı yolda qoyur. Qəsəbə sakini Samir Bədəlov danışır:

“Konkret dayanacaq yerləri olmalıdır, gətirib dayanacaqlar quraşdırmalıdılar. Sosial şəbəkələrdə paylaşımlar edəndən sonra gətirib iki yerdə dayanacaq quraşdırdılar. Ancaq bu, kifayət etmir. Üstəlik də, guya o dayanacaqların hər biri 3 min manata başa gəlir. Halbuki, 3 min manat ayrılan dayanacağın kondisioneri də olmalıydı”.

O avtobuslar vergilərimiz hesabına alınsa da…

Sakin deyir, əsas diqqət Mingəçevirin şəhər hissəsinə ayrılır. Bu da qəsəbə sakinlərini məyus edir:

“Burda bütün yaxşı şeylər şəhər üçün nəzərdə tutulub. İritutumlu, müasir avtobuslar, dayanacaqlar, hər şey… Qəsəbələrdə yaşayanlara üçüncü sort insanlar kimi baxırlar. Vergilərimiz hesabına alınıb ölkəyə gətirilən nəqliyyat vasitələri, müasir dayanacaqlar yalnız şəhərin mərkəzində yaşayanların rahatlığını təmin etmək üçündür”.

Sakin İbrahim Nəcəfovu isə əsasən, məktəblilərin həyatı narahat edir:

“Səhər uşaqlar avtobusların qapılarından sallana-sallana məktəbə gedirlər. Qəsəbədə dörd məktəb var, heç birinin qarşısında piyada keçidi yoxdur. Maşınlar bu məktəblərin dörd tərəfindən sürətlə şütüyür, azyaşlıların həyatı hər an təhlükədədir. Piyada səkilərinin üstündə obyektlər açılıb, piyadalar yolun ortasıyla hərəkət etmək məcburiyyətindədir. 21-ci əsrə gəlib çıxmışıq, nə yol, nə piyada keçidi, nə işıqfor, nə dayanacaq, nə də normal daşıma var”.

Nəqliyyat xidməti yaxşılaşdırılacaq

Mingəçevir Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Az-Dress qəsəbəsində əhaliyə ictimai nəqliyyat xidmətinin yaxşılaşdırılması üçün müvafiq qurumlara müraciət olunub. Yaxın vaxtlarda qəsəbəyə yeni nəqliyyat vasitələri cəlb olunacaq, kiçiktutumlu nəqliyyat vasitələri tamamilə yığışdırılacaq.

Az-Dress qəsəbəsinin təqribən 40 min əhalisi var. Ölkənin 60 faizinin elektrik təminatı bu qəsəbədən həyata keçirilir. Sakinlər iddia edir ki, hökumət elektrikdən əldə olunan gəlirdən bu qəsəbənin sosial rifahının yaxşılaşdırılmasına xərcləməkdə “simiclik” edir.

Ana səhifəXəbərlər”Qəsəbələrdə yaşayanlara üçüncü sort insanlar kimi baxırlar”