Polad İsmayılovun günahsızlığı 4 il həbs yatandan sonra sübut olundu
Qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrumetmə cəzası almış və 4 ildir həbsdə olan Polad İsmayılov dekabrın 28-də bəraət alaraq, azadlığa çıxıb. Onun haqqında bəraət hökmünü Şəki Apelyasiya Məhkəməsində Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.
Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib və məhkəmə zalından azadlığa buraxılmasına qərar verilib. Məhkəmə eyni zamanda, bu iş üzrə istintaqı aparmış şəxslər haqqında da xüsusi qərar çıxarıb.
2020-ci ilin fevralından həbsdə olan Polad İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilmişdi. İş gedib Ali Məhkəməyə çıxanda bu instansiyanın hakimləri belə nəticəyə gəlib ki, onun işinə düzgün baxılmayıb. İşi geri – Şəki Apellyasiya Məhkəməsinə qaytarıb ki, yenidən araşdırılsın. Sentyabrın 18-də təkrar araşdırmalar başlayıb və dekabrın 28-də məhkəmə istintaqı yekunlaşıb. Gəncə sakini olan 50-yaşlı Polad İsmayılov 2011-ci ilin fevralında Zaqatalada 61 yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə ittiham olunurdu. Polad İsmayılov təqsirsiz olduğunu, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün qurban seçildiyini bildirirdi. O deyir ki, bu cinayəti işgəncə, təhdid yoluyla onun üzərinə qoyublar.