Mirvari Qəhrəmanlı: “Nefçilərin axtarışı, texnika, peşəkarlıq sıfra bərabərdir”
Dekabrın 15-də Xəzərdə estakadanın uçması nəticəsində itkin düşmüş neftçilərdən xəbər yoxdur.
Neftçilərin axtarışı ilə bağlı yaradılan qərargahın məlumatına görə, hazırda estakadanın dənizə düşdüyü ərazidə təmizlənmə işləri aparılır.
Neftçilər estakadanın qalıqları altında ola bilər
Bunun üçün 100 ton yükgötürmə qabiliyyəti olan “Şirvan-3” kran gəmisi işə cəlb olunub. İndi uçmuş estakada qalıqların çıxarılması işləri həyata keçirilir.
Qərargahdan ehtimal edirlər ki, itkin neftçilər estakadanın qalıqları altında ola bilər.
2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib.
Nefçilərin axtarışı, texnika, peşəkarlıq sıfra bərabərdir
Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında nefçilərin axtarışını, texnikanı, peşəkarlığı sıfra bərabər hesab etdiyini söyləyib:
“Axtarış qrupu nefçilərin estakadanın altında olması ehtimalını ilk gündən düşünməli idi. Nefçilər estakadanın altında hara ilişib qala bilərlər? Deməli, estakadanın altında çürümüş qurğuların olduğunu boyunlarına alırlar”.
“Böyük təcrübəsi olan mütəxəssisləri şirkətdən uzaqlaşdırıblar”
Mirvari Qəhrəmanlı deyir ki, qərərgah bu açıqlaması ilə əslində vəziyyətin nə qədər ağır olduğunu söyləyir:
“Axtarışa başlanandan estakadanın altına baxmalıydılar. Suyun altında istifadəsiz, çürümüş metallar var. Hansı ki, onlar dənizə düşərək, həmin metallara çırpılıb ölə bilərlər. Dövlət Neft Şirkətində bu cür texniki qurğularla işləyə bilən mütəxəssisləri vaxtında işdən çıxarmasaydılar, bu gün köməyə çatardılar. Böyük təcrübəsi olan mütəxəssisləri şirkətdən uzaqlaşdırıblar”.
Axtarışlar səmərə vermir
Mirvari Qəhrəmanlı deyir ki, nefçilərin bu günədək tapılmamasının bir səbəbi də xilasetmə işləri sahəsində peşəkarların olmamasıdır:
“Bu qərara necə gəlmişəm? Əlbəttə ki, real faktlar əsasında. Əgər Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri olsaydı bu, Günəşli yatağındakı hadisədə özünü göstərərdi, sonuncu baş verən faciədə biz bunu görərdik. Amma görmədik. Bütün bunlar da xilasetmə işlərinin kifayət qədər yaxşı təşkil edilmədiyinin göstəricisidir. Həm axtarışa gec başlanıb, neft şirkətinin özünün xilasetmə gəmiləri, vertolyotları yoxdur. Nəticədə də axtarışlar səmərə vermir”.
Prezidentə axtarışlar nəticə verdi, tapdıq deyə hesabat verməsinlər
Mirvari Qəhrəmanlı bu gün axtarışa cəlb edilən peşəkar dalğıcların sualtı tikinti ilə məşğul olan insanlar olduğunu söyləyir: “Dövlət Neft Şirkətinin qəza xidməti var. Ancaq onlar axtarışla yox, qəzaların aradan qaldırılması ilə məşğul olurlar. Bütün sadaladıqlarım axtarışların nəticə verməməsinin səbəbləridir. Peşəkarlıq, texnika, nəqliyyatın olmaması ucbatından nefçilərin axtarışı nəticə vermir. Deyərdim ki, sıfra bərabərdir. Nefçilərin tapılan cəsədləri də peşəkarlılq yox, təsadüf nəticəsində olacaq. Külək onları Bakı kəndlərinin sahillərinə apara bilər və ya dənizin dibindən tapıla bilərlər və s. Belə olan halda da prezident qarşısında çıxıb axtarışlar nəticə verdi, tapdıq deyə hesabat verməsinlər”.
700 xilasedicinin qarşısında nəticənin olmaması qeyri-peşəkarlıqdan xəbər verir
Mirvari Qəhrəmanlı deyir ki, bir müddət keçəndən sonra axtarışları dayandırmaq məcburiyyətində olacaqlar. İşə 700 nəfər cəlb ediblər. Bu qədər qüvvənin qarşısında hər hansı nəticənin olmaması qeyri-peşəkarlıqdan xəbər verir:
“Axtarışları qeyri-peşəkar hesab edirəm. Düşünürəm ki, prezidentin qərarını yerinə yetirə bilmədiklərinə görə o adamların hər biri cəzalandırılmalıdır”.