Camal Əli Praqada insan haqları ilə bağlı konsert verəcək
Rokçu Camal Əli bu yaxınlarda ata oldu. Onun Azərbaycanı, vətənini tərk etməsindən uzun zaman ötür. Musiqiçi bu gün Çexiyanın paytaxtı Praqada insan haqları mövzulu film festivalında konsert verəcək. Camalla konsertdə bir neçə saat əvvəl görüşüb, söhbət etdik.
–
Camal, Azərbaycandan neçə vaxtdır çıxmısınız?
– May ayında düz dörd il olacaq.
–
Dörd ildən sonra götür-qoy edəndə, nə qərara gəlirsiniz: ölkədən getməyinizə peşmansınız, yoxsa düzgün hərəkət etdiyinizi düşünürsünüz?
– Azərbaycanda qalsaydım, indi həbsdə ola bilərdim. Azadlıqda da ola bilərdim. Əsgərlikdə də ola bilərdim. Mən hər bir vəziyyətdə özümə nəsə bir fayda götürmək barədə düşünən adamam. Almaniyaya gəlməyimə də elə baxıram. Burda sənət adamları üçün çox imkan var. Dil öyrənirəm, musiqiçilərlə tanış oluram. Rahatıdır mənə və heç peşman deyiləm.
–
Ölkədən gedəndən sonrakı dövrü necə xarakterizə edirsiniz? Bu mədəniyyətdən, həyat tərzindən nə mənimsədiniz?
– Çoxlu vaxtım oldu. Bu müddət ərzində alman dili öyrəndim. Həyatı araşdırmağa vaxtım oldu. Əvvəl xoşum gəlməyən şeylərə qarşı aqressiv olurdum. İndi sakit reaksiya verirəm: bu da belədir də…Yaradıcılığıda elə də siz deyən dəyişiklik yoxdur. Köhnə mahnılardır. Yeni mahnılar azdır. Musiqiçilərlə tanış oluram. Musiqi də ünsiyyətin bir növüdür.
–
Azərbaycan kimi ölkələrdən Avropaya gələn musiqiçilər üçün hansı imkanlar var? Onları burada nə gözləyir?
– Birinci deyim ki, Avropa barədə deyilən “Orda insanlar soyuqdur, istiqanlılıq yoxdur” məsələsi doğrudur. Amma yaradıcı adamlar öz etnik, şəxsi özəlliklərini gətirib qərb mədəniyyətinə töhfə verə bilərlər. Çünki burda da incəsənət dünyasında bir az yoxsulluq var.
–
Bəs, bu özəllik nədən ibarət olmalıdır? Nədir Avropada uğur qazanmağın sirri? Etnik ekzotiklik, bəşəri suallalara cavab vermək cəhdi, yoxsa burdakı trendləri duymaq?
– Burda uğurun konkret sirri, formulu yoxdur. Sadəcə nəyisə ürəkdən, yaxşı, peşəkarcasına etmək lazımdır. Trend izləsən, onda yaradıcılığın dadı-duzu qaça bilər. Ürək qoymalısan, uğur bunda ola bilər…
–
Camal, Avropada art həyatınız necə keçir? Özünüzü harda realizə edirsiniz?
– Berlində xeyli musiqiçi ilə tanış oldum, münasibət qurdum. Onlarla belə demək olarsa, əməkdaşlıq edirik. Birinin qrupundan bas, birinini qrupunda baraban çalıram. Şah əsərlər yaradırıq demək olmaz, amma insanları əyləndiririk, xoş zaman keçiririk. Maraqlı axşamlar təşkil edirik. Klassik plastinka dinləmə axşamları keçiririk. Belə yəni, hökumət hələ ki, maddi dəstək olur, inteqrasiya, dil üçün zaman verir, amma boş da oturmaq olmaz.
–
Bəs, Praqadakı konsertin nə ilə bağlıdır?
– İnsan haqlarına ithaf olunmuş “Bir dünya” adlı film festivalı çərçivəsində olacaq. Amerikadan, Hollandiyadan, Çexiyadan, Gürcüstandan, Ermənistandan yaxşı filmlər var. Azərbaycanlı rejissorların da filmləri var. Mən də Azərbaycandakı hekayələrdən, ölkədən, ölkədəki həyatdan danışacam və musiqi ilə müşayiət edəcəm.
–
Qızının doğulması münasibətilə bağlı təbrik edirəm. Adı nədir?
– Leni Leyla. Leni “işıq” Leyla “gecə” deməkdir. Yeni, maraqlı insandır, hələ yaxşı tanımıram, tanış oluram, tanımağa başlayıram. Özüm qarmaqarışıq oldum, bir az orda, bir az burda. Onu da sərbəst böyüdəcəyik. Böyüsün, insanlarla, mədəniyyətlərlə tanış olsun.