Qərbin anti-Rusiya həmləsi

Görünür, onun da alternativi tapılmaqdadır…

Seymur Həzi, Foto:: Meydan TV


NATO toplantısı tərəddüdləri aradan qaldıracaqmı?

ABŞ Rusiya münasibətlərindəki gərginlik artan xətt üzrə davam edir. Vaşinqton Moskva ətrafında qurduğu çəmbəri daraltmaqda israrlıdır. Bununla belə, Rusiyanı tam taqətdən salmaq üçün yeridilən siyasətdə ləngimə müşahidə olunur. Superdövlətin müttəfiqləri ilə bu mövzuda yaşadığı problemlər onun nəzərdə tutduğu sanksiya və təzyiqlərin tam gücü ilə işləməsinə mane olur. Məsələn, Almaniya “Şimal axını-2” layihəsi üzrə boru çəkilişlərinin dayandırılmasına razı olmur, Türkiyə isə Baydenin sərt ritorikanı bəyənmir. Baxmayaraq ki, Ərdoğan özü də zaman-zaman belə üslubdan istifadə edir. Başqa tərəfdən isə NATO ölkələri xarici işlər nazirlərinin toplantısında qəbul edilən bəyanat ölkələrin ayrı-ayrılıqda yürütdüyü siyasətlə ziddiyyət təşkil edir.


Almaniya niyə israr edir?

ABŞ dövlət katibi Bilinken açıq şəkildə deyir ki, Almaniyalı həmkarıyla görüşdə ona “Şimal axını-2” layihəsi üzrə işin davam etdirilməsinin doğura biləcəyi fəsadlardan və mümkün sanksiyalardan danışacaq. Artıq NATO ölkələrinin XİN rəhbərlərinin sammiti başa çatıb və aydındır ki, Almaniya ilə ABŞ təmsilçisi bu problemi özəl olaraq müzakirə edib. Bəs Almaniya niyə bu layihənin dayanmamasında israrlıdır? Əslində, rəsmi Berlin məhz özü bir vaxtlar Rusiyadan Ukraynaya qarşı qaz qiymətləri ilə bağlı təzyiqlərin aradan qaldırılmasını istəyirdi ki, Avropa Birliyi bütövlükdə enerji məsələsində Rusiyadan asılı vəziyyətə düşməsin. Ancaq indi Berlin əvvəl dediklərinin tam əksinə hərəkət edir. Görünür, Tramp adminstrasiyasının qlobal siyasətdən çəkilməsi ilə Rusiyanın qarşısında özünü təklənmiş hiss edən Almaniyada düşünürlər ki, artıq Vaşinqtonun verdiyi vədləri dövlətin deyil, hökumətlərin vədi kimi qiymətləndirmək lazımdır və belə vədlərə əsaslanıb, uzunmüddətli strategiyalar, dostlar və müttəfiqliklər qurmaq düz olmaz. Ona görə də indiki məqamda ABŞ-ın qarşısında daha böyük bir vəzifə durur: Almaniyanı daha uzunmüddətli və qalıcı nəticələrə inandırmaq.


Türkiyənin konkret istəkləri var

Türkiyə düşünür ki, Rusiya ilə münasibətlərini Vaşinqtonun və ya Bürüsselin tez-tez dəyişən istəkləri üzərində qurmamalıdır. Bu düşüncəsində haqlıdırmı? İlk baxışdan, bəli. Çünki Türkiyə Sovet İttifaqı dövründən SSR-yə (daha sonra Rusiyaya) bütün münasibətlərini Qərbin “dor ağacı”na uyğun qurub. Nəticədə bir neçə dəfə Türkiyə bölgə ilə bağlı siyasi qərarlar alınarkən kənarda qalıb. Buna görə də Ankara indi Moskva ilə yaxın münasibətlər qurur, hətta dostluq münasibətlərini də, hərbi ziddiyyətləri də özü planlaşdırır. Ancaq Ankara başa düşür ki, belə siyasi kurs təhlükəlidir və bu yanaşma uzunmüddətli strategiya üçün fayda verə bilməz. Ona görə də Türkiyə istər “F-35”, istərsə də “Patriot” sistemlərinin alınması məsələsində ABŞ-la razılıq əldə edə bilmədi. Yəni mövqe dəyişdirəcəksə, bu, ciddi müdafiə mexanizmləri tələb edir. Bu məsələdə haqlıdırmı? Əlbəttə. Çünki hazırda Rusiya ilə bütün qarşıdurmaların ön cəbhəsi və açıq hədəfi Türkiyədir. Vaşinqton əgər Türkiyədən bir mövqe dəyişikliyi istəyirsə, bunun müqabilində müdafiə məsələlərdində Ankaraya "yaşıl işıq" yandırmalıdır.


NATO sammitinin mesajı

NATO ölkələrinin XİN başçılarının sammitində verilən bəyanat isə açıq-aşkar Rusiyaya birgə meydan oxumaqdır. Bu ittifaqın genişlənməsi və təhlükəsizliyi üçün yeganə təhdidin Rusiya olduğu açıq elan edildi. Bəs bu vəziyyətdə Moskva daha nə qədər duruş gətirəcək? Hər halda Vaşinqton tərəddüd edənlərlə daha yaxşı işləyir, nəinki Moskva. İkincinin bu siyasət üçün hər hansı cəlbedici resursları da yoxdur. Əlində Avropanı təhdid edəcək yalnız bir silah var: mavi yanacaq, anlaşıqlı dildə desək, qaz…

Görünür, onun da alternativi tapılmaqdadır…

Ana səhifəXəbərlərQərbin anti-Rusiya həmləsi