Qərb siyasətçiləri Bakıya niyə səfər etmirlər?

Vaşinqton Azərbaycana təzyiqlərini artırır

Source:


Vaşinqton Azərbaycana təzyiqlərini artırır

Azərbaycan iqtidarı Qərb tərəfindən “unudulmağa” başlayıb. Daha ABŞ və digər Qərb ölkələrindən Bakıya nüfuzlu siyasətçilər demək olar ki, gəlmirlər. Qərb ötən seçkilərdən fərqli olaraq, bu dəfə Azərbaycanın nazı ilə oynamağı düşünmür.

Xatırladaq ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Bakı Dövlət Departamentinin yüksək çinli nümayəndəsi Tomas Melianı da ölkəyə buraxmamışdı. İndi isə Vaşinqton özü yüksək çinli nümayəndələrini Azərbaycana göndərmək istəmir.

Birləşmiş Ştatların bu addımı Bakıya mesaj mahiyyəti daşıyır.

Yəni artıq Bakı ilə Vaşinqtonun bu mövzularda danışıqlara ehtiyacı qalmayıb. Nəzərə alsaq ki, Vaşinqton məhz insan haqları və demokratiya kimi mövzuları özünün prioriteti elan edib, o zaman bu addımın arxasında siyasi yükün ağırlığını daha da aydın müşahidə etmək olar. Bəs bu küskün və qəzəbli jestin anlamı nədir? Vaşinqton Bakı ilə danışmaqdan imtina etməklə əlaqələri məhdudlaşdırdığını nümayiş etdirməyə çalışır? Yoxsa hazırkı mərhələdə sözügedən mövzuları gündəmə çıxarmaqla onsuz da gərgin olan münasibətləri daha da pisləşdirmək istəmir?

Hal-hazırda Bakı Qərbin insan haqları və demokratiya mövzusunda bütün tələb və çağırışlarını qulaqardına vurur.

Eyni zamanda Azərbaycan hakimiyyəti Rusiya ilə qarşıdurmada konkret olaraq hansısa cəbhədə yer almaqdan imtina edərək manevr edir.  Bu isə Vaşinqtonda qəzəblə qarşılanır. Hakimiyyət siyasi məhbusları azad etmir, Vaşinqton Bakıya qarşı sanksiyaların tətbiqini real saymır. Digər tərəfdən, Bakı Moskva və Vaşinqton arasında seçim edə bilmir. Azərbaycan strateji seçimini etmədiyinə görə, Bakıya bu cür təzyiqlər davamlı ola bilər. Artıq necə deyərlər, balanslaşdırılmış siyasətin sonu gəlib və seçim etmək lazımdır. Odur ki, ABŞ Azərbaycanda insan haqlarının pozulduğunu əsas gətirərək, Bakıya təzyiqlərini artıra biləcəyi ehtimal edilə bilər.  Bakı müəyyən etməlidir – kiminlə birlikdədir, Moskva ilə, yoxsa Vaşinqtonla? Lakin Bakı-Vaşinqton əlaqələri tam iflasa da uğraya bilməz. Bəlkə Azərbaycanı arxayın edən də elə bu amildir. Digər tərəfdən,  Bakının qarşısında Rusiya kimi təhlükəli bir qonşusu dayanıb. Bu gün Kreml qonşularına, o cümlədən Azərbaycana alçaldıcı şərtlər irəli sürür. Eyni zamanda, əlində “nüvə silahı” olan bir ölkə ilə “müharibə” aparmaq da məntiqə ziddir.  Bunu anlayan Putin SSRİ-ni hər hansı bir formada bərpa etməyə cəhd göstərəcəyini bəyan edib. Avrasiya İttifaqı da bu planın tərkib hissəsidir. Lakin Moskvanın irəli sürdüyü istənilən birlik formatları MDB -nin təkrarı olacaq və qısa bir zamanda perspektivsiz olduğu dərk olunacaq. Rusiya artıq imperiyanı bərpa edəcək gücdə deyil, rəhbərlərinin bəyanatları isə daxili publikaya yönəlmiş jestlərdən başqa bir nəsnə deyil.

Məsələn, 1992-93-cü illər ərzində Moskva Bakını işğalla hədələyir, Azərbaycanın MDB -yə üzv olmasına təkid edirdi.

Elə həmin dövrdə bəlli idi ki, tez və ya gec Azərbaycan bu quruma üzv olacaq, Rusiya qarşısına belə məqsəd qoyubsa, buna nail olacaq. Reallıq siyasi manevrlər tələb edirdi. Siyasi təhlillər hələ o zaman MDB-nin oyuncaq bir qurum olduğu fikrinə gəlməyə əsas verirdi. Heç bir formada bu SSRİ-nin bərpası demək olmayacaqdı. Nəzərə alsaq ki, Azərbaycan Qərblə enerjidaşıyıcıları ilə bağlı müqavilə imzalamağa hazırlaşırdı, Moskvanın qəzəbini yatırmaq üçün MDB-yə üzv olmaq vacib idi.

Bu gün də təxminən eyni vəziyyət yaranıb. Kreml Bakıda hakimiyyətə gətirə biləcək siyasi qüvvə axtarışındadır.

Vaşinqton da bölgədə öz hərbi-siyasi mövqeyini yeritmək – Cənubi Qafqaz ölkələrinin birindən Rusiya hərbi qüvvələrini tamamilə çıxarmaq və əvəzində öz hərbçilərini yerləşdirmək məqsədini güdür. Lakin Bakı bu məsələdə Rusiya ilə anlaşsa, Vaşinqtonun addımını ehtimal etmək elə də çətin deyil. Bu mənada, Rusiyanın və Amerikanın mənafeləri oxşardır – Cənubi Qafqazda, konkret olaraq, Azərbaycanda öz hərbi qüvvələrinin kiçik bir kontingentini yerləşdirmək. Hələ ki Amerikaya bunu həyata keçirmək nəsib olmayıb.  Odur ki, Bakıya təzyiqlərin daha da artacağı ehtimal ediləndir…

Ana səhifəXəbərlərQərb siyasətçiləri Bakıya niyə səfər etmirlər?