”Qərb dövlətləri Rusiyaya münasibətdə ciddi həmrəylik göstərdilər”

Rauf Mirqədirov: İndiki vəziyyət Azərbaycan üçün təhlükəlidir

Source:


Rauf Mirqədirov: İndiki vəziyyət Azərbaycan üçün təhlükəlidir

Martın 26-da ABŞ və Avropa Birliyinin 14 üzv dövləti Rusiya diplomatlarını ölkələrindən çıxarılması barədə qərar qəbul ediblər. Bu sıraya Ukrayna da

qoşulub

.

Amerika Rusiyanın BMT-də çalışan diplomatları ilə birgə 60 nəfərin geri göndərilməsi haqda qərar çıxarıb.

Rəsmi Vaşinqtonun ehtimalına görə, çıxarılan diplomatlar kəşfiyyatla bağlıdırlar. Onlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilib. Ağ Ev Rusiyanın Sietledəki konsulluğunu bağlamaq qərarını verib.

Siyasi icmalçı Rəşad Şirin Meydan TV-yə baş verənləri ciddi siyasi dəyişikliklər adlandırıb:

“Krım hadisəsindən sonra bu cür ciddi hadisə yaşanmamışdı. Qərb dövlətləri Rusiyaya münasibətdə ciddi həmrəylik göstərdilər. Təbii ki, “soyuq müharibə” zamanı oxşar hadisələr olub, amma 26 martda baş verənlər daha ciddidir. Sadəcə, indi fərqli vəziyyətdir, dövlətlər daha sıx iqtisadi-siyasi münasibətdədirlər ki, “soyuq müharibə” zamanı belə deyildi”.

O, Böyük Britaniyanın baş naziri Tereza Meyin “diplomatik missiyalarda rus kəşfiyyat əməkdaşları” ifadəsini xatırladaraq deyib ki, əslində, bu, dövlətlərin hər zaman diplomatik missiyalarda kəşfiyyatçıların işlədiyini bilir və bunu təbii qəbul edirlər. Sanki səssiz razılaşma olur. Amma ilk dəfədir bunu açıq şəkildə ifadə edirlər.

R.Şirin Rusiyanın oxşar addım atmasını mümkün hesab edir:

“Ancaq Rusiyanın addımları eyni effekti verməyəcək. Məsələ ondadır ki, Qərb dövlətləri kimyəvi silahın istifadəsini NATO ölkəsinə hücum kimi qiymətləndirilir. Hərbi alyansın 5-ci maddəsi bu cür arzuolunmaz durumlarda həmrəyliyi tələb edir. Kimyəvi silahların qadağan olunması haqda konvensiya var və Qərb bu məsələlərə ciddi nəzarət edir. Fikir verdinizsə, Tereza Mey bunu hücum kimi dəyərləndirdi. Məncə, bu gedişat davam edəcək, amma “soyuq müharibə” qayıtmayacaq. Çünki dünya bir-birilə çox əlaqəlidir, hətta Rusiya ilə görünməyən tellərlə bağlıdırlar və özləri də bunların qopmasını istəməzlər. Sadəcə, Moskvanın bir daha belə addım atmamasını istəyirlər”.

R.Şirin hesab edir ki, hazırkı siyasi oyunda Rusiya əvvəlki iddialarından əl çəkmək niyyətində deyil, Kreml yenə də ABŞ və Avropa daxili həyatına müdaxilə edib gücünü nümayiş etdirmək istəyir. Bu, “soyuq müharibə” olmasa da, o ritorikanı xatırladır. Bugün Rusiya zəif dövlətdən güclü və mərkəzləşmiş Rusiya olaraq çıxmaq istəyir.

Avropada mühacir həyatı yaşayan Rauf Mirqədirov proseslərin futbol üzrə dünya çempionatından sonra başlayacağını gözləsə də, keçmiş kəşfiyyatçı Skripalın zəhərlənməsinin vəziyyəti gərginləşdirdiyini düşünür.

Onun fikrincə, başlanan gərgin münasibətlər ilboyu davam edəcək, çünki tərəflərin razılaşa biləcəyi məqamlar çox azdır. Məsələn, ən kəskin və ağrılı sanksiyalar ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunub. Prinsipcə, Rusiyanın təklif etdiyi modellə kollektiv Qərb heç cür razılaşmayacağından, bu, qarşısıalınmaz prosesdir. Rusiyanın təklif etdiyi model belədir: Qərbin iqtisadi maraqlarını nəzərə alırıq, amma siz də siyasi maraqlarımızı nəzərə alın. Siyasi maraqlar Rusiyanın ən azı bərabər hüquqlu tərəfdaş kimi beynəlxalq münasibətlərdə iştirakını nəzərdə tutur. Amma Qərb buna hazır deyil.

Çünki Rusiyanın bərabər hüquqlu tərəfdaş kimi çıxış etməsi üçün nə gücü, nə də resurs imkanı var. Bu halda Moskva şantajla məşğul olur və bu şantaj ondan ibarətdir ki, dünyanı növbəti qlobal müharibə qarısında qoya bilər.

Rauf Mirgadirov

Putin kollektiv Qərbin şantajın qarşısında geri çəkiləcəyini düşünür. Rusiya ictimai fikrindən fərqli olaraq Qərb ictimai fikri qlobal müharibəni qəbul etmir. Rusiya ictimai fikri dövlətin super dövlət mövqeyinin bərpasına hazırdır.

Hətta Rusiya aparıcı mətbuat orqanı bu yaxınlarda “Rusiyasız sülh nəyə lazımdır” manşetiylə dərc olunmuşdu. Yəni hər şeyi məhv etməyə hazırdılar, amma Rusiyanın qlobal mövcudluğu bərpa olunmalıdır. Yaxud Putin ölkəsinin yeni silahlarının təqdimatını xatırlayın. Guya, silahlardan biri ABŞ prezidentinin iqamətgahını vura bilər, zaldakıların hamısı sevinirdi. Qərbdə heç bir siyasətçi bu yanaşma ilə çıxış edə bilməz. Təəssüf ki, Rusiya cəmiyyəti Putinin simasında öz qatilini salamlayırdı. Əslində, rus ictimai fikrində söhbətin qərbin yox, sivilizasiyanı gözləyən təhlükədən getdiyini anlamırlar. Hazırda bu fərqli baxışların toqquşması gedir. Bu gedişatda Rusiyanın növbəti siyasi-iqtisadi çöküşü baş verməlidir”.

R.Mirqədirov hesab edir ki, indiki vəziyyət Azərbaycan üçün təhlükəlidir, çünki Rusiya özünün qlobal hegemonluğunun bərpasını ilk növbədə postsovet məkanında başlayır:

“Azərbaycanın belə vəziyyətlərdə edə biləcəyi çox azdır. Vaxtında rəsmi Bakı təhlükəszlik sisteminə daxil olmaq istəmədi, həm də bizi Moskvaya güzəşt olaraq qəbul etmək istəmədilər. İndiki şəraitdə səbr edib gözləmək və özünü zərbə altına qoymamaq lazımdır”.

Ana səhifəXəbərlər”Qərb dövlətləri Rusiyaya münasibətdə ciddi həmrəylik göstərdilər”