”Qərar azad kinematoqrafçılara zərbə vuracaq”

Mütəxəssislər cərimənin əleyhinədir

Source:


Mütəxəssislər cərimənin əleyhinədir

Mədəniyyət və Turizm Nazirliyinin ölkə ərazisində filmlərin yayımı barədə qərarı birmənalı qarşılanmayıb. Nazirlik bəyan edib ki, mülkiyyət formasından, buraxılış vaxtından, yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.

Nazirlik qaydanı pozanların İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən iki min manat cərimə ediləcəyini bildirib.

Qərarı Meydan TV-yə şərh edən kinorejissor Əli İsa Cabbarov deyir ki, nazirliyin qərarında lisenziya filmin istehsalı üçün yox, yayımıyla bağlı nəzərdə tutulub: “Əvvəl də analoji qərar olub və Rusiyada da belə qərar var. Məsələn, danimarkalı rejissor Lars fon Trierin son filmi şimal ölkədə prakata çıxarılmazdan öncə nəzarət edən orqanlar parnoqrafik səhnələrin qısaldılmasını tələb etmişdi. Müəllif də tələblə razılaşaraq güzəştə getdi”.

Əli İsa Cabbarov
Əli İsa Cabbarov

Əli İsa Cabbarov əvvəllər müəyyən nəzarət olsa da, cərimənin tətbiq edilmədiyini dedi: “Tətbiq olunan cərimə də çoxdur və bu, hökumətin büdcəni doldurmaq siyasətinin tərkib hissəsidir. Bir daha deyirəm, cərimə adekvat deyil və bu, müstəqil, kommersiya kino bazarına mənfi təsiri edəcək. Siyasi senzuraya gəlincə, onsuz da Azərbaycanda siyasi cəhətdən etirazçı filmlər çəkilmir. Ona görə nazirliyin siyasi filmləri nəzərdə tutaraq qərar qəbul etdiklərini hesab etmirəm. Belə bir istək olsa da, qarşısını almaq gücündədirlər, o zaman onlara heç qanun da lazım olmur”.

Kinorejissor hesab edir ki, qəbul edilən qərar senzuraya da gətirib çıxarda bilər: “Bilirsiniz ki, kommersiya kino bazarı inkişaf edir və bundan real qazananlar olur. Qərar da məmurların kommersiya kino bazarını nəzarətə götürməsinə imkan yarada bilər.  Məqsəd də çiçəklənməkdə olan kommersiya kino bazarını nəzarətə götürməkdir”.

Kinoşünas Aygün Aslanlı isə deyir ki, əsində Azərbaycanda istehsal olunan və gətirilən filmlərin qeydiyyata salınması barədə qərar bir neçə ildi var: “Sadəcə, onun indi aktuallaşması çox güman ki, qərara cərimə məsələsinin əlavə edilməsi ilə bağlıdı. Yəni bu vaxta qədər filmlərin qeydiyyatı məsələsi formal xarakter daşıyırdı, bundan sonra cərimə sayəsində işlək olacaq”.

Aygün Aslanlı
Aygün Aslanlı

Künoşünas bu qaydanın bir çox ölkələrdə tətbiq olunduğunu dedi: “Filmlərin icarəsindən gələn gəlirə, həmçinin ölkə ərazisində zorakılıq, irğçilik yayan audio-vizual məhsullara nəzarət üçün tətbiq olunur. Amma mənim maraqlandığım ölkələrdə cəza tətbiqi barədə məlumat tapmadım. Yalnız fərdi şəkildə hansısa şikayət olarsa, məhkəmə tərəfindən işə baxılır. Azərbaycanda vəziyyət başqadı, burdakı rejimdən, məmur özbaşınalığından hamımızın xəbəri var. Ona görə istənilən filmdə porno, ya da dövlətə xəyanət elementlər tapa bilərlər. Bunu MTRŞ-in işində, telekanalarla bağlı verdikləri qərarlarda da görürük. Filmlərin də istisna olacağını düşünmürəm”.

Sevda Sultanova
Sevda Sultanova

Kinoşünas Sevda Sultanova filmlərin dövlət qeydiyyatına düşməsini  normal hesab etsə də, iki vacib nüansa diqqət çəkir: “Məsələn, deyilir ki, qeydiyyata düşmədən kütləvi nümayiş etdirilən filmlərə iki min manat cərimə kəsiləcək. Azərbaycanda onsuz da normal kino bazarı yoxdur, müstəqil film çəkənlər güclə maliyyə tapıb film çəkir, hələ üstəlik, cərimə də ödəməlidir. Kimsə deyə bilər ki, əvvəldən qeydiyyata düşsə, problem olmaz. Amma orda cəriməyə gətirəcək, senzura qoxusu verən bir məqam var: “pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması”. İndi baxır məmurlar nəyə pornoqrafiya deyir, nəyə zorakılıq. Bu isə subyektiv qərarlara gətirib çıxara bilər. Deyək ki, bir art-house filmində dramaturgiyadan doğan yataq və ya zorakılıq səhnəsi var. Bunu porno kimi qiymətləndirib qadağa qoyula bilər. Və ümumiyyətlə, istənilən filmə, lap porno olsun, qadağa qoyulması söz azadlığının pozulmasıdır. Bunun üçün başqa mexanizmlər hazırlanmalıdır. Məsələn, xaricdə belə filmlər üşün kinotetarlarda xüsusi kinozalları var, yaş senzurası müəyyən olunur. Bir də ki, senzuraya qalsa, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmlər var ki, “Qatil”, “Cavid ömrü”, “Axırıncı dayanacaq” və s. bunları estetik zövqsüzlüyü aşıladığına görə yasaq eləmək lazımdır”.

Rejissor İntiqam Hacılı hesab edir ki, sosial şəbəkələrdə bu qərar haqqında “dünyanın hər yerində var, amma fərq ondadır ki, həmin ölkələrdə cəriməni məhkəmə, bizdə nazirlik tətbiq edir” yazmaq yaltaqlanmanın ultura formasıdır: “Bəs niyə demirlər ki, dünyanın çox yerində azad kinoya dəstək var, kinoya dəstək olan fondlar var, Eurimages-ə üzv olmaq var, amma bizdə yoxdur? Çünki yaltaq bilir necə danışmaq lazımdır. Bu belə. Keçək o biri məsələlərə. Ölkədə istənilən gənc və ya hər hansı bir gənclər təşkilatının üzvüləri əllərinə kamera alıb nəsə çəkə bilər, amma bu video məhsuldur (sosial, siyasi çarxlar və s), kino deyil. Həmin gənclər həmin video məhsulu çəkirdilər və çəkəcəklər. Yəni nazirliyin bu qərarı heç onların vecinə də olmamalıdı, onsuz da onlar öz işlərini görəcəklər. Deməyim odur ki, peşəkar kino işi ilə məşğul olanları hər hansı bir siyasi təşkilat üzvüləri ilə qarışdırmaq lazım deyil. Bunu edənlər qeyri-peşəkarların reklamına şərait yaradanlardır”.

İntiqam Hacılı
İntiqam Hacılı

İntiqam Hacılı düşünür ki, qərarın zərbəsi azad kino ilə məşğul olan kinematoqrafçılara dəyəcək: “Düzdür, bu təbəqə də öz filmlərini dünyada, festivallarda yayımlaya biləcəklər. Lakin ölkə ərazisində yox. Çünki onlar müstəqil çalışan və ölkənin iç üzünü kinematoqrafik yolla açıqlayan, bu ölkənin əsl insanını göstərən mövzulardan bəhs edən filmlər çəkir. Azad kino ilə məşğul olan adamlar nazirliyin yürütdüyü kino siyasətinə qarşıdır. Nazirlik azad kinonu dəstəkləmir, fondlara şərait yaratmır, Eurimages-ə üzv olmur və s. Deməli, bu qərarın əsas hədəfləri bəllidir. Bu qərar açıq-aşkar onu deyir ki, filminin ölkədə yayımlanmasını istəyirsənsə, məni tənqid etmə, yaltaqlan, baş əy, bizim təqdim etdiyimiz və ya özünün yazdığın gicbəsər bir ssenarini təqdim et, çək. Təki kinoya dövlət büdcəsində ayrılan vəsait xərclənsin. Yəni bizim işimizə şərik ol”.

Ana səhifəXəbərlər”Qərar azad kinematoqrafçılara zərbə vuracaq”