“Bizim gənclər köhnə müxalifət stereotiplərini buraxmalıdırlar”
Əskişəhirdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva Meydan TV-nin suallarını cavablandırıb…
– Qənirə xanım, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışırsız. Bilirsiz ki, Azərbaycan daha çox insan haqlarının, pozulması, jurnalistlərin həbsi ilə gündəmdədir. Siz də bir keçmiş jurnalist olaraq bu haqda nə dəyə bilərsiz?
– Mən sizin dediyiniz o mərkəzlərin hamısını qeyri-səmimi hesab edirəm. 11 ildir Avropa Şurasında işləyirəm, Avropa İnsan Haqları Komitəsi və Avropa Siyasi Komitəsində işləmişəm. Avropa İnsan Haqları Komitəsi bir dəfə də olsun 1 milyon azərbaycanlı köçkünün evə qayıda bilməməsini müzakirə etmədi. Mən o zaman onları səmimi hesab edərəm ki, həm bu məsələni, həm də digərlərini gündəmə gətirərlər. “Bizim marağımıza uyğun mövzularda sizə basqı etmək üçün bunu edərik, amma evinə dönə bilməyən qaçqınlar bizim vecimizə deyil” yanaşmasından dolayı o institutların heç birinin səmimiyyətinə inanmıram. İnsan haqları komissarının üzünə demişəm bu sözü. Avropa insan haqları komissarı bugünə qədər gelib Avropa Şurasında illik məruzə verir. Özünün siyasi düşüncələri çərçivəsində bütün məsələləri Azərbaycanla bağlı sayar, amma evinə qayıda bilməyən azərbaycanlıların haqları ilə bağlı heç nə deməz.
İnsanın ən təməl haqqı yaşama haqqıdır halbuki. Niyə həmin quruluşlar Xocalı soyqırımını törədənləri axtarmırlar? Bugünə qədər bu barədə Ermənistana çağırış səsləndirdilərmi? Biz problemin olduğunu bilirik, ona görə də, məncə, bu məsələlərdə insan haqları anlayışı bizə lazımdır. Biz o institutları özümüz üçün inkişaf etdirməliyik. Avropa üçün deyil. Onların baxış bucağı səmimi olmadığını çox gözəl bilirəm və üzlərinə də söyləmişəm. Demokratiya inkişafı, insan haqları, qanun aliliyi bir dövlətin və bir toplumun inkişafında çox önəmlidir. Harda nə problemimiz varsa, özümüz bunun addım-addım həllinə çalışmalıyıq. Özümüzü onlara bəyəndirmək üçün deyil, bu. Demokratiya bir mədəniyyətdir. Mən İraq müharibəsində işləyib gələndən sonra Amerika səfiri evində qonaqlıq verdi. İraqın Səddamdan sonrakı vəziyyətinin necə olacağını müzakirə etdik. Bir çox şərqşünas, təşkilatlardan gələn insanlar var idi. Hər kəs İraqın gözəl və demokratik ölkə olacağını dedi. Mənsə susurdum. Səfir mənə üzünü tutanda dedim ki, bilmirəm bu insanlar mənim olduğum ölkədən danışır, ya öz ölkələrindən. Demokratiya bir gündə gələcək şey deyil. Biz 70 il avtoritar rejimdə yaşamışdıq. Mən televiziyaya işə girdiyim ilk ildə necə təqiblər vardı. Məsələn, Almaniyanın 100 ildə aldığını biz birdən-birə 20 ildə alaq dəsəniz, bu, heç məntiqli deyil. Bunun üçün biz vətəndaş olaraq bu dəyərlərə daha çox sahib şəkildə nəsillərimizi yetişdirməliyik. Buna görə də tənqidi məsələlər olanda biz bunu düzəltməliyik. Biz özümüzə keçmiş Sovet ölkələri içində baxa bilərik. Biz özümüzü Almaniya ilə müqayisə edə bilmərik. Almaniya dövlətçilik tarixi keçmiş bir ölkədir. Öncə vətəndaş cəmiyyətinin önəmini dərk etməliyik. Yapıcı olmalıyıq. Dediyimiz o QHT-lər ki var, təmsilçilərinin əksəriyyəti ilə görüşmüşəm. Onlara həmişə sual verirəm ki, niyə Qarabağdan danışmırsız. Çoxunuz ordakı qeyri-qanuni seçkiləri dəstəkləyirsiniz. Ərazi bütövlüyünü qoyub, insanların öz müqəddəratını təyinetmə məsələsini önə çəkirsiniz. Öz müqəddəratını təyinetmə bu qədər yaxşı bir şeydirsə, niyə Fransa İspaniyada Bask bölgəsini əsarətində saxlayır? Mən Azərbaycanda məhkəmə sisteminin gücləndirilməsinin, qanunun aliliyinin qorunmasının tərəfdarıyam. Vətəndaş cəmiyyətləri ilə bağlı məsələlərdə dövlət ictimai şuralar yaratmalıdır.
Vətəndaş cəmiyyətinin səsi daha çox duyulmalıdır. Ermənistanda insan haqları ilə bağlı problemin hesabatları hardadır bəs? Bizdə bir həbs olan kimi qabardırlar, amma orda parlamentdə güllələnmə oldu, ictimai televiziya rəhbəri güllələndi. Bəs hanı onların insan haqları ilə bağlı hesabatları? Gürcüstanda Saakaşvili hakimiyyətində olanların çoxu həbsdədir. Azərbaycanı hər zaman qara göstərmək niyyətindədirlər. Biz fərqli ideologiyalarımıza görə düşmən deyil, yapıcı olmalıyıq. Bir millətin övladıyıq. Öncə danışmağı bacarmalıyıq, kəsib atmaq çözüm deyil. Qütbləşmə bir-birini qəbul etməməkdir.
Bizim gənclərdə də qütbləşmə var. Bir-birinə nifrət var. Demokratiya həm də mədəni tənqid etməyi bacarmaqdır.
– Siz demokratiyanı dəstəkləyən cümlələrə yer verdiniz. Məlumdur ki, sistemi sorğulayan gənc kəsimin demokratikləşmədə rolu böyükdür. Məsələn, əsgər ölümləri, qazilərin özünü yandırması kimi məsələlərdə bir kəsim gənc etiraz etdi. Bəs niyə sizdən dəstək ala bilmədi?
– Siz məni inandırmalısız ki, bu, demokratik prosesdir. Burada “siz bizi niyə dəstəkləmirsiz?” deyilməz. Gənclər öz düşüncələrinə inandırmalıdırlar. Demək inandırmamısınız ki, dəstək ala bilmirsiz. Sizdən əvvəl mən istəyirəm ki, komandirlər məsuliyyətli olsun, əsgərlər ölməsin. Burda fikirlərimizdə fərqlilik yoxdur. Əgər siyasi müstəvidə yanaşma varsa, bu, ayrı bir məsələdir. Siz yaxşını görərək, pisi tənqid etməlisiz. Bunun üçün alternativ fikir irəli sürüb, bizi inandırmalısız. Bizim gənclər köhnə müxalifət stereotiplərini buraxmalıdırlar. Mən birtərəfəm, heç vaxt partiyaya mənsub olmadım. Türkiyədə bütün partiyalar son anda birlik ola bilirlər. Hər cür tənqidə açığam, əgər bu tənqidlərin arxasında səmimi niyyət varsa…