Prokuror növbəti prosesdə təqsirləndirilənlərə iş istəyəcək
İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV əməkdaşının məlumatına görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi prosesdə Rüfət Zahidovun vəkili Bəhruz Bayramov Şamaxı rayon Polis İdarəsinin rəisi Habil Əmiraslanovun şahid qismində dindirilməsi barədə vəsatət verib. O, bildirib ki, R. Zahidov saxlanılan zaman H.Əmiraslanov ona hədə-qorxu gəlib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra məhkəmə istintaqının yekunlaşması barədə məsələ müzakirə edilib və istintaqın yekunlaşması barədə qərar qəbul edilib. Çıxış etmək üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Proses iyunun 10-da davam etdiriləcək.
Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.