''Qələm insanının həbsdə olmasını istəmirik''

Jalə Əliyeva

Jalə Əliyeva

Deputat həbsdə olan jurnalistlər barədə: ''Hamısından xəbərimiz var''

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür.

1993-cü ildə BMT Baş Assambleyası 3 mayı Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib ki, bu da YUNESKO-nun baş konfransının işinin nəticəsi olub. YUNESKO 1991-ci ildə qəbul etdiyi “Dünyada mətbuat azadlığının təminatına yardım haqqında” qətnaməsində etiraf edib ki, azad, plüralist, müstəqil mətbuat istənilən demokratik cəmiyyətin vacib komponentidir. Ötən il “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatı “Dünyada mətbuat azadlığının indeksi -2017” illik hesabatını açıqlayıb. Azərbaycan 163-cü yeri tutub.

Meydan TV Azərbaycan mətbuatının hazırkı durumunun doğurduğu sualları deputat Jalə Əliyevaya ünvanlamağa cəhd edib.

- Jalə xanım, bugün Ümumdünya Mətbuat Azadlığı günüdür. Azərbaycan mətbuatının vəziyyətini necə qiymətləndirisiniz?

- Azərbaycanda mətbuat azaddır, bu qədər qəzet nəşr olunur, prezident tərəfindən himayə edilir, mənzil verilir. Bu o deməkdir ki, cəmiyyətimizə uyğun şəkildə də mətbuatımız inkişaf edir.

- Amma Azərbaycanda həbsdə olan jurnalistlər var, Seymur Həzi, Əfqan Muxtarlı, Mehman Hüseynov və başqaları, xəbəriniz varmı?

- Bilirsiniz, onların hər birinin həbsinin səbəbi var. Təbii ki, məlumatlıyıq... Üzr istəyirəm, olarmı 5 dəqiqədən sonra zəng edəsiniz?

- Olar.

Deyilən vaxtdan artıq olmaqla bir neçə cəhdən sonra yenidən deputatla əlaqə yarada bilirik.

- Jalə xanım, yenidən həbsdəki suallara qayıdaq...

- Sualınız çox qəribədir. Təbii ki, bir qrup jurnalistin həbsdə olduğunu bilirik. Amma siz sualı nəyə görə verirsiniz, bunu da bilirəm. Hesab edirsiniz ki, onlar jurnalist olduqları üçün həbsdədirlər və bu şəkildə qələmə verməyə çalışırsınız. Ancaq birmənalı olaraq, bir kəlmə deyim, mən indi iclasa girirəm, həmin jurnalistlərin hər birinin ayrı-ayrı maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunduğunu bilirik. Bu, artıq sübut olunmuşdur və məhkəmənin qərarı sualınıza verəcəyi cavabdır. Ona görə yeni bir araşdırmaya ehtiyac yoxdur.

- Siz sübut olunduğunu deyirsiniz, amma hər il Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin qərarlarından olan şikayətləri təmin edən onlarla qərara qəbul edir...

- Təbii ki, onlar jurnalist fəaliyyətlərinə görə həbsdə deyillər. Siz dayanmadan bunu qabartmağa çalışırsınız. Əlbəttə, biz heç bir gəncimizin, qələm insanının həbsdə olmasını istəmirik. Ancaq onların hər birini müəyyən maddələr üzrə həbs ediblər. Bunu siz də, biz də yaxşı bilirik. Tezliklə azad olunnmalarını arzu edirik.

- Jalə xanım, siz jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Bakıya gətirilməsini necə izah edə bilərsiniz?

- Mən çox xahiş edirəm, tədbirə girirəm, bu qədər, bəsdir. Sağ olun.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4895q9

Ən çox baxılan