”Qələbə günü”

Stanislavskinin qələbəyə inanmamağı

Source:

Rusiyanın füreri, aşağı-yuxarı məmurları və xüsusən müdaifə nazirliyi, deyəsən, çox mutlu görünür. Necə də görünməsin, əgər son günlərdə gördüyümüz bütün bu preformans dahi rus yazıçısı Çexovun məşhur fikri – “əgər pyesin birinci aktında divarda tüfəng asılıdırsa, sonuncu aktda o mütləq atəş açacaq” və eyni zamanda dahi rus rejissoru Stanislavskinin “İnan(mı)ıram!” ifadəsi ilə də üst-üstə düşüb. Suriyanın bombalanma əməliyyatının təhlili yəqin ki, yalnız belə ola bilər, çünki əgər xatirinizdədirsə, öncəki yazıda sənətin artıq əsla həyatın göstəricisi deyil, həyatın reallığı ardınca sadəcə sürünməkdə olan nəsnə olduğunu qeyd etmişdik.

Tamaşanın öncəki aktına qısaca bir nəzər salaq. Xatirinizdədirsə, bu ilin may ayının 9-da, yəni Qələbə gününün 70 illiyi paradında Rusiya ən yeni hərbi texnikasının nümayişini yapmışdı.

O gün çox uzun müddət planlaşdırılan və anonsu çoxdan verilmiş bu texnika arasında diqqəti orta çəkili “Armata” tankı, özüyeriyən artilleriya qurğusu «Коалиция-СВ», piyadaların döyüş maşını «Курганец-25» çəkmişdi, başqa yeni və perspektivli sayılan hərbi texnika da vardı. Bu “analoqsuz” paradda 16,5 min nəfər şəxsi heyət, 194 ədəd hərbi texnika və 143 helikopter və təyyarə iştirak etmişdi. Şəxsən mənim, sovet illərini demirəm, amma Qələbənin 50 və 60 illik yubiley paradları yaxşı xatirimdədir və əminliklə deyə bilərəm ki, heç bir zaman bu qədər təntənə olmamışdı.

Mütəxəssis olmadığım üçün, nümayiş etdirilən hərbi texnikanın səviyyəsi haqda fikir bildirməyim doğru olmaz, lakin o zaman bu aktın sırf hərbidən daha çox simvolik bir məna daşıdığını kimsə anlamamış deyildi.

Əlbəttə bu akt, həmin o birinci pərdədəki “tüfəng” olaraq sonra mütləq atmalı idi, atdı da.

Bundan daha öncə isə, 2013-cü ilin “perzident seçkiləri” yayında, Xəzər dənizində Bakı limanına yan alan “Dağıstan” hərbi gəmisini, onun azərbaycanlı kapitanını, bu gəminin göyərtəsindəki iki ölkə başçısına nümayiş etdirilən hərbi sursatı da xatırlayarsınız yəqin. Gəminin adı da, kapitanın milliyyəti də, gücün nümayişi də diplomatik dildə qışqırmaqdaydı. Dünən isə, yəni 7 oktyabrda, Rusiyanın Xəzər donanmasından başımız üzərindən Suriyaya, 1500 km.-lik məsafəyə açılan 26 qanadlı raket də o asılmış “tüfəng”in atəşi idi.

Lakin bu performansın ikinci hissəsinə – Stanislavskinin “İnanmıram!” ifadəsinə keçsək, məsələ qəlizləşəcək. Ukrayna avantürasından başlanmış, bu hərbi ritorika kimləri sevindirsə də, Rusiyada hazırda baş verən dərin krizis və ondan beləcə brutal bir yolla çıxış axtarılması, şübhəsiz ki, Sovet İttifaqının faktiki 70-ci illərdən başlanmış dağılma prosesinin növbəti mərhələsidir. Bu dağılma və erroziya gördüyümüz kimi indi də davam etməkdədir, çünki çox böyük imperiyalar bir dəfəyə və birdən dağılmır, bu proses uzun illər çəkir. Misal üçün Roma imperiyasının dağılmasını xatırlasaq, bunun neçə əsr uzandığını görərik. Şərqdə isə misal üçün, hələ Lepanto (1571) savaşından sonra faktiki məğlubiyyətə məhkum olan və Vena ətrafındakı uğursuzluqdan (1683) sonra erroziyaya uğrayan Osmanlı imperiyası (1299-1922) və yaxud Teymurilər dövlətinin (1370-1507) tarixi buna sübut ola bilər. Bu dövlətin yaradıcısı Əmir Teymurun (1336-1405) ölümündən sonra həmən dağılma prosesi başlanmış, ilk öncə dörd yerə parçalanmış imperiya, sonra uzun illər dərin aqoniya içində dağılmışdı.

Yaralı heyvan xüsusilə qorxulu olur. Hitler ölümə məhkum nasizmin son günlərini uzatmaq üçün Berlin ətrafındakı ağır və heç bir mənası olmayan döyüşlərə Volkssturm (yəni qocalar və qadınlardan ibarət əhalinin özünümüdafiə qüvvələri) və son dərəcədə fanatik Hitlerjugendi atmışdı. Orada bildiyiniz kimi hələ 1945-in martında belə “Qələbə günü”ndən danışırdılar.

İstənilən müharibəyə girmək çox asan, ondan necəsə çıxmaq isə çox-çox çətindir. Putin kimi əlində nüvə silahı olan bir müstəbidin bu avantüradan necə çıxacağı çox müəmmalı görünür. Azərbaycan isə, xüsusən Sarkisyanın son günlərdə Qarabağı “müstəqil dövlət” kimi tanıyacağı bəyanatı fonunda, həmişəki kimi öz zəif mövqeyi ilə bu təhlükəli coğrafiyada yaşamını sürməkdədir.



Yazı müəllifin şəxsi fikirlərini əks etdirir…

Ana səhifəMənim Fikrimcə”Qələbə günü”