”Qəbul imtahanlarında təkcə açıq suallar yox, müxtəlif yazı işləri də olacaq”

Universitetə qəbul zamanı hansı fənlərdən imtahan veriləcəyi müəyyənləşdirilir

Source:


Universitetə qəbul zamanı hansı fənlərdən imtahan veriləcəyi müəyyənləşdirilir

İki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissəli olacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya belə deyib. Bildirib ki, birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək.

“Ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq. Buraxılış imtahanlarında tətbiq edilən imtahan fənləri elan edilib. Qəbul imtahanlarında fənlərin sayı isə Təhsil Nazirliyi ilə birgə müzakirə edilib və ümumi razılığa gəlinib. Bununla bağlı tam model hazırdır. Sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası keçiriləcək və bu məsələyə baxacaq. Bu iclasda yekun razılıq əldə olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.

İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarda iştirak edəcək.

Məleykə Abbaszadə deyir ki, buraxılış imtahanları 3 fəndən – Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq.

Onun sözlərinə görə, bununla bağlı dünyada olan təcrübələr öyrənilir:

“Son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı testdən istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq tipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test suallarından istifadə edilib. Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq”.

Məleykə Abbaszadə deyir ki, bu suallarla yanaşı, imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək:

“Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemində bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik.

Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurrikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.

Ana səhifəXəbərlər”Qəbul imtahanlarında təkcə açıq suallar yox, müxtəlif yazı işləri də olacaq”