Müharibə cinayətlərinə görə Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi

Baş Prokurorluğu bəyan edib ki, Azərbaycanın hərbi qulluqçularının cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir

Source: Архив


Azərbaycanda 4 hərbçi məsuliyyətə cəlb olunub

Azərbaycan Hərbi Prokurorluğu Silahlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət keçən 4 hərbçiyə qarşı cinayət işi açıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğu

məlumat

yayıb.

Bildirilib ki, hərbçilərə qarşı Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanıb:

“İstintaqla Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub. Həmçinin, istintaqla Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən edilib”.

Məlumatda R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildiyi qeyd olunub.

Baş Prokurorluğu bəyan edib ki, Azərbaycanın hərbi qulluqçularının cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir:

“Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir”.

Eyni zamanda, Baş Prokurorluq Ermənistan hüquq-mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır.

Ana səhifəSiyasətMüharibə cinayətlərinə görə Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi