Qəbələdə polisin təpiklədiyi 12 yaşlı uşaqla bağlı növbəti qalmaqal

Foto: Screenshot

“Atan 5 il iş alıb türməyə gedəcək, onda ağlınız başınıza gələr”

2023-cü ilin dekabrında Qəbələ rayonunun Vəndam qəsəbəsində polisin yerdə 12 yaşlı Dəniz Ağayevi təpiklədiyini əks etdirən video yayılmışdı. Həmin hadisə ilə əlaqədar polis yox, uşağın atası Eldəniz Ağayev həbs olundu, həmçinin əmisi Səxavət Ağayev də cinayət məsuliyyətinə cəlb edildi. Polislər isə əksinə, zərərçəkmiş qismində tanındı. İddia olundu ki, Ağayev qardaşları xuliqanlıq edib, polisləri döyüblər.

Qəbələdəki mənbə Meydan TV-yə danışır ki, Eldəniz və Səxavət Ağayevlər haqqında cinayət işinin istintaqı hələ martda yekunlaşıb və iş materialları məhkəməyə göndərilib. Məhkəmənin ilkin hazırlıq iclasında zərərçəkmiş qismində tanınan polislərdən biri 12 yaşlı Dəniz Ağayevi hədələyib. Bu da qalmaqal yaradıb:

“Dörd nəfər polis zərərçəkmiş qismində tanınıb, onlardan biri də serjant Anar Həmidovdur. O, məhkəmənin hazırlıq iclasında “atan 5 il iş alıb türməyə gedəcək, onda ağlınız başınıza gələr”, -deyib. Ondan sonrakı məhkəmə iclasında Eldəniz Ağayevin vəkili etiraz verib ki, adi serjant əvvəldən məhkəmənin nəticəsini bilirsə, bu, nə məhkəmə oldu? Nə qədər özbaşınalıq var ki, məhkəmədə də uşağı hədələməkdən çəkinmirlər…”.

Vəkil bu əsasla da Ağayev qardaşlarının cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılmasına etiraz edib. İşə baxan hakimin özü də etirazla razılaşıb.

Bu məlumatı Qəbələ Rayon Məhkəməsindən də Meydan TV-yə təsdiqləyiblər.

Sonradan bu cinayət işi Oğuz Rayon Məhkəməsinə verilib. 4 aya yaxındır ki, Eldəniz və Səxavət Ağayevlərin işinə orada baxılır.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən, vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

İddia olunur ki, 43 yaşlı Səxavət Ağayev dekabrın 2-də Vəndam qəsəbəsində sərxoş vəziyyətdə, etibarnamə olmadan avtomobil sürdüyünə görə saxlanılıb. Həmin vaxt qardaşı – 1974-cü il təvəllüdlü Eldəniz Ağayev də maşında olub. İttihama görə, qardaşlar polislərə tabe olmayıblar – onlara daş parçası, yumruq və təpiklə xəsarət yetiriblər.
Lakin qardaşlar özlərini təqsirli bilmir, xuliqanlıq və polisə müqavimət ittihamlarının əsassız olduğunu deyirlər.

Ötən il, dekabrın 3-də sosial şəbəkələrdə polisin uşağı yerə yıxıb təpiklədiyini əks etdirən videogörüntülər yayılıb. Elə həmin görüntülərdə digər polis bir nəfəri də zorakılıqla Post-Patrul Xidmətinin maşınına mindirməyə çalışır. Məlum olub ki, görüntülərdə polislərin döydüyü 12 yaşlı Dəniz Ağayev və atasıdır.

“Dekabrın 2-də Dənizin ad günü idi, 12 yaşı tamam oldu. Polislər atasını götürüb aparmaq istəyəndə uşaq ağlamağa başlayıb. Uşağın gözünün qarşısında polislər atasını döyməyə, təhqir etməyə başlayıblar. Onda uşaq polislərə daş atıb. Polislərdən biri gəlib Dənizi yerə yıxıb, uşağa nə qədər təpik vurub”, – hadisədən sonra Vəndamdan Meydan TV-yə bildirilib.

Məlumata görə, polislər uşağı döyməklə kifayətlənməyib, onu da atası və əmisi ilə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə aparıblar. Uşağı gecə buraxıblar.

Dəniz Ağayevin vəziyyəti ağırlaşıb və o, dekabrın 3-də axşam saatlarında Qəbələdə xəstəxanaya yerləşdirilib. Lakin dekabrın 4-də səhər onu xəstəxanadan çıxarıblar.
Sosial şəbəkələrdəki etirazlardan sonra dekabrın 3-də Daxili İşlər Nazirliyi uşağa qarşı zorakılıq edən polisin daxili işlər orqanlarından xaric edildiyi haqda açıqlama yayıb.

Ana səhifəBölgəQəbələdə polisin təpiklədiyi 12 yaşlı uşaqla bağlı növbəti qalmaqal